Dövlət sahibkarların, sahibkarlar da dövlətin yanındadır

2020.04.22 10:37 (UTC+04:00)

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirlərinin aradan qaldırılması ilə bağlı Tədbirlər Planının icrası ilə bağlı danışarkən planın üç əsas istiqaməti əhatə etdiyini vurğulayıb: "Birinci istiqamət iqtisadi fəallığın qorunması və sahibkarlığın dəstəklənməsi; ikinci, məşğulluğun və sosial rifahın qorunması; üçüncü, makroiqtisadi sabitliyin təmin olunmasıdır.

İlk günlərdən Sahibkarlar Konfederasiyası İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Mərkəzi Bank və işçi qrupları ilə birlikdə sıx fəaliyyət göstərib. Biz sahibkarların bütün arzu və istəklərinin hökumət orqanlarına çatdırılmasına yardımçı olmuşuq və bunun əsasında dövlət tərəfindən qiymətləndirmələr aparılıb. Yardımlar veriləndən sonra İqtisadiyyat Nazirliyi ilə birlikdə yenidən qiymətləndirmələr aparacağıq.

Biz ilk mərhələdə, pandemiyanın mənfi təsirinə tam məruz qalmış, qismən məruz qalmış və gələcəkdə ziyan görəcək sahibkarları müəyyənləşdirdik. Fəaliyyətin hansı sahələrdə zəif olduğunu, hansı sahələrin artıq bağlandığını və bağlanacağı ehtimal olduğunu aydınlaşdırdıq. İlk növbədə pandemiyadan daha çox əziyyət çəkən və iş yerlərinin bağlanmaması üçün çalışan sahibkarları müəyyən etməyə çalışdıq. Bir biznesin bağlanması və yerində yeni bir biznesin yaradılması böyük vəsait tələb edir. Ona görə də bu gün biz biznesin ayaqda qalmasına çalışırıq. Bu çox vacib bir məsələdir".

V.Zeynalov qeyd edib ki, edilən yardımlar son hədd deyil. Gündəlik monitorinq aparılır, hər gün sahibkarlardan müraciətlər qəbul edilir. Bu müraciətlər əsasında müzakirələr aparılır, təkliflər İqtisadiyyat Nazirliyinin İşçi Qrupuna təqdim olunur və sahibkarlar ölkədə gedən proseslərdə fəal iştirak edirlər: "Konfederasiya üzvləri, eləcə də üzv olmayanların böyük əksəriyyəti koronavirusla mübarizə fonduna böyük məbləğlərdə könüllü ianələr ediblər. Bu gün sahibkarlar dövləti özlərinin, özlərini də dövlətin yanında hiss edirlər".

V.Zeynalov vurğulayıb ki, görülən işlər, proqramlaşdırılan dəstək tədbirləri tək koronavirusun mənfi təsirlərini azaltmaq istiqamətində həyata keçirilmir. Aparılan işlərin hədəfi bundan sonrakı dövrdə iqtisadi fəallığın artırılmasıdır".

Fəxriyyə İKRAMQIZI