İqtisadiyyatın qorunması üçün atılan addımlar sahibkarların özlərinə inamını artırır

2020.04.20 17:30 (UTC+04:00)

Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayeva Azərbaycanda pandemiyanın təsirinin azaldılması və əhatəsinin məhdudlaşdırılması istiqamətində atılan addımların, hökumətin sahibkarlara göstərdiyi dəstək tədbirlərinin əhəmiyyətini vurğulayıb: "Ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi, yeni koronavirusun yayılmasının qarşısının alınması, onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsi məqsədilə bir sıra müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb. Bu səbəbdən sahibkarlara dəyən ziyanın dövlət tərəfindən qarşılanması təqdirəlayiqdir. Yaşadığımız müərəkkəb dönəmdə dövlətimizin başçısı, hökumətimiz xalqın yanındadır, onun hər bir probleminə həssaslıqla yanaşılır. İstər koronavirusun yayılmasının lokallaşdırılması ilə bağlı qabaqlayıcı tədbirlər, istər iqtisadiyyatın qorunması üçün atılan addımlar, istərsə də sahibkarlara, sosial baxımdan ehtiyacı olan insanlara dövlət dəstəyinin göstərilməsi istiqamətində dövlət qurumlarının sistemli fəaliyyəti bizim özümüzə inamımızı daha da artırır. Sahibkarları daha fəal işləməyə, qaydalara uyğun fəaliyyət göstərməyə həvəsləndirir".

Z.Ağayeva şəxsi təşəbbüsü ilə Gəncədə sahibi olduğu tikiş sexində ən çox tələbat olan tibbi maskaların istehsalına başlayıb. Onun bu təşəbbüsü yüksək qiymətləndirilib, işin keyfiyyətlə davam etdirilməsi üçün hökumət tərəfindən dəstək göstərilib. Sexdə istehsal edilən maskalar şəhər əhalisinə, eləcə də tibb müəssisələrinə, digər obyektlərə pulsuz paylanılıb. Bundan böyük zövq aldığını deyən Z.Ağayeva imkanı olan hər kəsi bacardığı qədər insanlara yardım etməyə çağırıb.

Fərqanə ALLAHVERDİQIZI