Özünüməşğulluq proqramı bir neçə mərhələdən ibarətdir. İlkin mərhələdə, vətəndaş proqrama qoşulmaq üçün rayon, şəhər məşğulluq mərkəzinə müraciət edir. Əgər vətəndaşın qurmaq istədiyi biznes sahəsində həqiqətən həmin şəxsin təcrübəsi varsa, 36 saatlıq təlimlərə cəlb edilir. Təlim müddətində həmin şəxslərə müəyyən bilik və bacarıqlar öyrədilir və təlimi bitdikdən sonra biznes planlarının qiymətləndirilməsi prosesi olur. Bundan sonra, həmin şəxslərə seçdikləri sahə üzrə hansı avadanlıqlar zəruridirsə, fəaliyyət göstərəcəkləri yerə gətirilib təhvil verilir. Bakı, Abşeron, Sumqayıt və Gəncədən müraciətlər daha çox olur.
Dövlət Məşğulluq Xidmətinin şöbə müdirinin müavini Fərid Həsənovun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi distant təlim və biznes planlarının distant qiymətləndirilməsi üzərində müzakirələr aparır: "2020-ci il ərzində ümumilikdə 12 min vətəndaşın özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Burada Dünya Bankı ilə birgə həyata keçirilən, 27 rayon və şəhəri əhatə edən layihə də var. Layihə çərçivəsində 2 min vətəndaşın özünüməşğulluq proqramına cəlb edilməsi planlaşdırılıb. Əhalinin sosial cəhətdən həssas qrupları üçün layiqli və inklüziv iş yerinin yaradılmasına texniki dəstək layihəsi çərçivəsində isə 2019-cu ildə 12 rayon və şəhərdə 500 nəfər sırf əlilliyi olan vətəndaşlar təlimlərə cəlb olunub. Hazırda həmin şəxslərin biznes planları qiymətləndirilir. Uğurlu biznes planları üçün mal və materiallar təmin olunacaq.
Özünüməşğulluq proqramında 3 sahə var - kənd təsərrüfatı, xidmət və istehsal sahələri. Vətəndaşlar kənd təsərrüfatı sahəsi üzrə daha çox müraciət edir. Bununla yanaşı, xidmət və istehsal sahələri üzrə də kifayət qədər müraciət edən və təlimlərə cəlb edilən vətəndaşlarımız var".
Səbuhi TURAN