Millət vəkili Cavid Osmanovun sözlərinə görə, ölkə rəhbərliyinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Bu günə kimi bütün addımlar düzgün istiqamətdə atılıb. Əgər ölkə rəhbərliyi tərəfindən vaxtında düşünülmüş addımlar atılmasaydı, bu gün xəstələrin sayı min yox, bəlkə də on minlərlə ola bilərdi: "Artıq bütün dünyada yüz minlərlə insan koronavirusa yoluxub və on minlərlə insan vəfat edib. Bu baxımdan, Azərbaycan dünyanın virusdan ən az zərər çəkən ölkələrindən biridir. Dövlət başçısı tərəfindən verilən tapşırıqlar, vaxtında atılan addımlar nəticəsində Azərbaycan virusun təsirlərini minimallaşdıra bilib. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılması, təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması, böyük ticarət mərkəzlərinin, qonşu ölkələrlə sərhədlərin bağlanması, xarici ölkələrdəki vətəndaşlarımızın mərhələli şəkildə Azərbaycana gətirilməsi virusun yayılmasının qarşısının alınmasında mühüm tədbirlər kimi qiymətləndirilməlidir".
Səbuhi TURAN