"Albalı" və "İnci" uşaq bağçalarının rəhbəri Şəlalə Səlimova bildirib ki, müəssisələrin hesabına vəsaitlərin köçürülməsi sayəsində artıq işçilərin əməkhaqqı ödənilib: "Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün dövlətimizin qabaqlayıcı tədbirlər görməsi ilə əlaqədar mart ayının əvvəllərində faliyyətimizi dayandırmalı olduq. Özəl təhsil müəssisələrində işçilərin maaşı və digər xərclər valideynlərin ödədiyi təhsil haqları hesabına ödənilir. Təhsil prosesi dayandığına görə işçilərin maaşlarını və digər kommunal xidmətləri ödəyə bilmirdik. Dövlətimizin sahibkarlara göstərdiyi dəstək proqramı çərçivəsində elektron kabinet vasitəsilə yardım üçün müraciət etdik və üç gün sonra müsbət cavab aldıq. "Albalı" uşaq bağçasının hesabına 2.900 manat, "İnci" uşaq bağçasının hesabına isə 2.847 manat vəsait köçürüldü. Bu, əməkhaqqı fondunun yarısını təşkil edir. Fərqindəyik ki, sorğumuz vergilərimizi vaxtında ödədiyimiz üçün qəbul edilib. Bir daha sübut olunur ki, dövlət hər zaman düzgün işləyən sahibkarların yanındadır. Belə çətin günlərdə sahibkarlara, onların çalışdırdığı işçilərə dəstək verdiyi üçün hökumətə təşəkkür edirik".
Göyçayda fəaliyyət göstərən "Bazar Ticarət Mərkəzi" MMC-nin rəhbəri Vidadi Bayramov bildirib ki, rəhbərlik etdiyi müəssisə ölkədə gedən iqtisadi prosesləri daim izləyir, qanunlara hər zaman əməl edir, vergi və sosial ödənişləri vaxtında ödəyir: "Dövlətimizə sədaqətlə xidmət edirik və bunun qarşılığı olaraq, hər zaman hökumətin qayğısını hiss edirik. Koronavirus pandemiyasından zərər çəkən sahibkarlıq subyektlərinə maliyyə yardımının verilməsi isə ölkə başçısının bu sahəyə xüsusi diqqət və qayğısını bir daha təsdiqlədi".
"Gəncə Əlvan Metal Emalı" ASC-nin idarə heyətinin sədri Nurəddin Hüseynov da pandemiyanın yayıldığı günlərdə sahibkarları dəstəklədiyinə görə hökumətə minnətdarlığını bildirib: "Evdə qal" kampaniyasına əməl edərək, aprelin 1-dən müəssisənin faliyyətini dayandırmışıq. İşçilərə əmək haqlarını vermək şərtilə evdə qalmağa şərait yaratmışıq. 60 nəfərə yaxın işçinin əməkhaqqının ödənilməsi üçün müraciətimizə operativ reaksiya verildi. Bu, dövlət başçısının, hökumətin vətəndaşlara dayaq olmasını əyani nümayiş etdirir".