Qanuna əməl edən və əməl etməyən vergi ödəyicilərinə yanaşma fərqlidir

2019.02.01 14:15 (UTC+04:00)

Azərbaycanın vergi sistemində tətbiqinə başlanılan yeni yanaşmalar ictimaiyyətin diqqət mərkəzindədir. Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bu yanaşmaların məqsəd və məramlarını şərh edərkən deyib: "Səmərəli vergi inzibatçılığı həm də sərt vergi inzibatçılığıdır. Çünki vergi ödəyiciləri üçün səmərəli vergi mühiti yaratmaq yalnız vergi yükünün azaldılması, yaxud təşviqlərin təmin edilməsi deyil, həm də bazarda ədalətsiz rəqabətə gətirib çıxaran qanunsuz fəaliyyətlərlə, real iqtisadi mahiyyətdən kənar əqdlər bağlamaqla bazarda hansısa üstün mövqe tutan sahibkarlarla ciddi mübarizənin aparılmasıdır". S.Musayevanın sözlərinə görə, ötən ildən vergi sistemində həyata keçirilən islahatların, Vergi Məcəlləsinə edilən dəyişikliyin əsas məqsədi iqtisadi inkişafın hərəkətverici qüvvəsi olan kiçik və orta sahibkarlığın normal fəaliyyət göstərə bilməsi üçün əlverişli mühit yaratmaq, "kölgə iqtisadiyyatı"nın azaldılmasına nail olmaqdır.

Qanunvericiliyin tələblərini pozan vergi ödəyicilərinə qarşı sərt və
operativ nəzarət tədbirləri həyata keçiriləcək

Qeyd edilib ki, "kölgə iqtisadiyyatı"nın azaldılması üçün sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində mühüm tədbirlər görülür və işçiləri qanunsuz yollarla işə cəlb edən sahibkarlara qarşı nəzarət tədbirləri sərtləşdirilib. Bu istiqamətdə tarazlaşdırılmış fəaliyyət prinsipləri əsas götürülür: "Buraya qanunun tələblərinə əməl edən, qanunla müəyyən olunan vergiləri ödəyən sahibkarların təşviq edilməsi, onların vergi yükünün aşağı salınması, qarşılıqlı münasibətlərin daha çox partnyorluq müstəvisində qurulması və digər məsələlər daxildir. Qanunvericiliyin tələblərini pozan vergi ödəyicilərinə qarşı isə sərt və operativ nəzarət tədbirləri həyata keçiriləcək. Vergi sistemində yanaşmaların dəyişməsinin məğzi də odur ki, qanuna əməl edən və əməl etməyən vergi ödəyicilərinə fərqli yanaşma olmalıdır. Xidmətlər ünvanlı göstərilməli və vergi ödəyicilərinə tələblər də onların iqtisadi fəaliyyətlərindən və tələbatından asılı olaraq dəyişməlidir. Bəzi kateqoriyalı vergi ödəyicilərinin iqtisadi fəaliyyətləri ilə bağlı qanunvericilik təşəbbüslərində daha çox işlər görülməlidir".

Elxan SALAHOV