Bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“O, aşağıdakı hissələrdən ibarətdir və bütün dövlət qurumları ilə razılaşdırılıb. Birincisi, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub. Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50 faiz, yəni, 14 faizdən 7 faizə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və digər tədbirlər”, - deyə nazir qeyd edib.
M.Cabbarov bildirib ki, ikinci istiqamət, mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni, 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergiödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi. Nəhayət, üçüncü istiqamət, bütün sahibkarlıq subyektlərinə şamil edilməsi proqnozlaşdırılır və 2021-ci il yanvarın 1-dək olan dövr üzrə aşağıdakı vergi güzəştlərini təqdim edirik: Epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergiödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyəti nəzərə alınmadan gəlirlərdən çıxarılması, həmçinin əhalinin bir sıra ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və siyahısı, Azərbaycan Prezidenti tərəfindən təsdiq olunan bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli azad edilməsi. Yəni, bu, kifayət qədər geniş paketdir və bu paketdə yeni rejimdə fəaliyyət göstərilməsi də müəssisələr tərəfindən nəzərə alınıb”.