Azərbaycan dünyada 3-4 ölkədən biridir ki...

2019.02.01 12:58 (UTC+04:00)

"Davos İqtisadi Forumunun builki toplantısında süni intellekt dövrünə hazırlıq, Dördüncü Sənaye İnqilabının nəticəsi olan qloballaşmadan maksimum faydalanmaq və bütün bu mürəkkəblik, çağırışlar zəminində ölkələrin firavanlığını, sabitliyini, iqtisadi və siyasi təhlükəsizliyini qorumaq dövlətlər qarşısında duran ən böyük çağırış idi".

Bu fikirləri Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov bu günlərdə Davosda keçirilmiş Dünya İqtisadi Forumunun əhəmiyyəti, onun ölkəmiz üçün faydaları, dövlətimizin başçısı İlham Əliyevin forum çərçivəsində keçirdiyi çoxsaylı görüşlər barədə Azərbaycan televiziyasına müsahibəsində deyib. Davosda Prezident İlham Əliyevin keçirdiyi görüşlərdə bu məsələlər barədə ətraflı müzakirələr aparıldığını deyən Natiq Əmirovun sözlərinə görə, dünyanın məşhur "Microsoft", "CISCO", "Visa" və digər innovativ şirkətlərin marağının kökündə duran ən mühüm məsələlərdən biri Azərbaycanın bütün iqtisadi göstəricilərinin üstün və innovativ inkişafa meyilli olması idi.

"Doing Business" göstəricisinə görə bu gün Azərbaycan bütün BRICS ölkələrini,
MDB ölkələrini, eləcə də bir çox Avropa dövlətlərini qabaqlayır

Qeyd edilib ki, "İqtisadi azadlıq 2019" indeksində Azərbaycan investisiyaların azadlığı alt indikatoruna görə də irəliləməyə nail olub və bu, "Doing Business" hesabatında öz əksini tapıb. Həmin hesabat üzrə ölkəmizin göstəriciləri isə Prezident İlham Əliyevin apardığı siyasətdən irəli gəlir: "Doing Business" göstəricisinə görə bu gün biz bütün BRICS ölkələrini (sürətlə inkişaf edən 5 ölkə - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası), MDB ölkələrini, eləcə də bir çox Avropa dövlətlərini qabaqlayırıq. Azərbaycan dünyada cəmi üç-dörd ölkədən biridir ki, son 15-20 ildə adambaşına düşən sərvəti iki dəfədən çox artıra bilib".

Natiq Əmirov vurğulayıb ki, Azərbaycan Prezidentinin Dünya İqtisadi Forumu çərçivəsində qlobal miqyasda nüfuzu ilə seçilən 15 şirkətin icraçı direktoru, rəhbər heyəti ilə keçirdiyi görüşlərdə belə bir qənaət hasil olurdu ki, artıq dövlətlər elmi dairələri, biznes və hökumət dairələrini və bu cür texnoloji şirkətləri bir yerə toplamaqla beşinci sənaye inqilabına, yəni süni intellektin dominantlıq edəcəyi bir dövrə hazırlaşmağa istiqamət götürməlidirlər...

Daha ətraflı: https://azertag.az/xeber/1240363