Amerika Ticarət Palatası Azərbaycan hökuməti ilə əməkdaşlığı genişləndirir

2020.04.17 17:03 (UTC+04:00)

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) ölkə başçısının müəyyən etdiyi istiqamətlərə və iqtisadi sahədə aparılan islahatlara dəstək olaraq, Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi məqsədilə ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı üçün mütəmadi olaraq üzvlərinin müşahidə və rəylərini özündə əks etdirən tövsiyə səciyyəli sənədləri hazırlayır və müvafiq dövlət qurumlarına təqdim edir.

Palatanın hazırladığı iki yeni mövqe sənədi dövlət satınalmaları və fərdi məlumatların mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təklifləri əhatə edir. Hər iki sənəd ölkə rəhbərliyinə və aidiyyəti qurumlara təqdim edilib.

Dövlət satınalmaları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair mövqe sənədində Azərbaycanda dövlət satınalmalarının tətbiqi zamanı həm satınalan təşkilatların, həm də malgöndərənlərin qarşılaşdıqları məsələlər strukturlaşdırılmış və mövcud problemlərin aradan qaldırılmasına dair təkliflər öz əksini tapmışdır. Təkliflər satınalma prosesinin iştirakçılarının sərbəst şəkildə müsabiqələrdə iştirakının təmin edilməsi, qanunvericiliklə müəyyən edilən məhdudiyyət və müddətlərin yenidən işlənməsi, tenderin qiymətləndirilməsi prosesində çatışmazlıqların, həmçinin cari qanunvericilikdə olan ziddiyyətlərin aradan qaldırılması və dəqiqləşdirmələrin aparılması məsələlərini əhatə edir.

Fərdi məlumatların mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair mövqe sənədində isə Avropa İttifaqının (Aİ) Ümumi Məlumatın Mühafizəsi Qaydalarının (General Data Protection Regulations - "GDPR") ölkəmizdə tətbiq edilməsinə dair təkliflər verilib.

Qeyd edək ki, AmCham Azərbaycan xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış bu qurum iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən 270-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80 faizini, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.