Ermənistan Dövlət Gəlirləri Komitəsi 2020-ci ildən ölkəyə daxil olan pul köçürmələrinin vergiyə cəlb edilməsi mexanizmini işə sala bilər. Nəzərdə tutulur ki, ölkədən xaricdə gəlir əldə edən vətəndaşlar həmin gəliri bəyan etməli və ondan 23 faiz dərəcəsi ilə gəlir vergisi ödəməlidirlər. Hökumətin açıqlamasında bildirilmişdir ki, vergi ildə bir dəfə tutulacaq: "Vətəndaş bilməlidir ki, xaricdə əldə etdiyi pul gəlirdir və gəlirdən vergi ödəməlidir. Əgər həmin gəliri qazanan şəxs xaricdə vergi ödəmişdirsə, bu barədə bizə arayış verməlidir və biz həmin vergini nəzərə almalı, yaranan fərqdən öz qanunlarımıza uyğun vergi tutmalıyıq". Qeyd edək ki, 2017-ci ildə Ermənistana xaricdən ümumilikdə 1 milyard 756 milyon ABŞ dolları həcmində pul göndərilmişdir. Hökumət xaricdən göndərilən pulları vergiyə cəlb etməklə büdcə gəlirlərini artırmaq niyyətindədir.