Fransa mehmanxana və restoran biznesi üçün vergi güzəşti edib

2020.04.17 14:09 (UTC+04:00)

Fransada koronavirus pandemiyası ilə əlaqədar itkiyə məruz qalan mehmanxana-restoranların və mədəniyyət ocaqlarının vergilərdən və sosial yığımlardan azad edilməsi qərara alınıb. Büdcə və dövlət hesabları naziri Jerar Darmanen bildirib ki, Fransa Prezidentinin xahişi ilə hökumət daha çox itki ilə üzləşən sahələr üçün vergi ödənişlərini ləğv edəcək. Nazir qeyd edib ki, ləğv edilməsi nəzərdə tutulan vergilərin həcmi 750 milyon avrodur.

Bundan əvvəl Fransanın İqtisadiyyat naziri Brüno Le Mer bəyan etmişdi ki, ölkədə məşğulluğun dəstəklənməsi məqsədilə dövlət 24 milyard avro vəsait ayıracaq, ümumilikdə iqtisadiyyatın dəstəklənməsi üçün dövlət dəstəyinin həcmi isə 100 milyard avrodan artıq olacaq. Hökumətin dəstək proqramı hazırda 8 milyondan artıq muzdlu işçini əhatə edir. Fransa hökumətinin proqnozuna əsasən, pandemiyanın təsirləri nəticəsində ölkə iqtisadiyyatında 1 faizlik azalma baş verəcək.