Birinci rübdə pərakəndə ticarət şəbəkəsində 4,8 milyard manatlıq ərzaq məhsulları satılıb

2020.04.16 17:12 (UTC+04:00)

Yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 9,2 milyard manatlıq, o cümlədən 4,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsi üzrə 1,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,9 faiz artım, qeyri-ərzaq malları üzrə isə 0,5 faiz azalma müşahidə olunub. Cari ilin birinci rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,9 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 16,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi elektrik malları və mebellərin, 5,2 faizi avtomobil yanacağının, 1,6 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf edilib.

Üç ayda istehlak məhsullarının dəyər ifadəsində 23,7 faizi ticarət müəssisələri, 47,8 faizi fərdi sahibkarlar tərəfindən, 28,5 faizi isə bazar və yarmarkalarda satılıb. Keçən ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,5 faiz artıb, fərdi sahibkarlar üzrə 1,1 faiz, bazar və yarmarkalarda isə 11 faiz azalıb.

Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,4 manat və ya ötən ilin müvafiq eyni göstəricisindən nominal ifadədə 10,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 162,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,3 manatlıq qeyri-ərzaq malları alıb.