KOBİA pandemiyadan zərər çəkmiş sahibkarların məlumatlandırılması üçün onlayn tədbirlərə başlayıb

2020.04.16 11:29 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi tədbirləri barədə sahibkarların məlumatlandırılması üçün onlayn maarifləndirmə tədbirlərinə başlayıb.

İlk belə onlayn tədbir pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsi mövzusuna həsr olunub. Onlayn tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və KOBİA-nın nümayəndələri pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin muzdlu işçilərinə dəstək proqramı, barədə məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.

Onlayn tədbir KOBİA-nın "Facebook" səhifəsi (https://www.facebook.com/smb.gov.az) üzərindən birbaşa yayımlanıb.

Aprelin 16-da, saat 15.00-da isə koronavirus pandemiyasından zərər çəkmiş fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi barədə onlayn tədbir təşkil olunacaqdır. Sahibkarlar qeyd olunan vaxtda KOBİA-nın "Facebook" səhifəsinə qoşulmaqla onlayn tədbiri izləyə və onları maraqlandıran suallara cavab ala bilərlər