Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 20 min nəfər üçün birdəfəlik vəsaiti bank filiallarına və poçt şöbələrinə köçürüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin şəxslərə işsiz kimi qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrələrinə bu barədə SMS göndəriləcək. Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə almaqla, mesajda “Azərpoçt” MMC qeyd edilibsə - istənilən poçt şöbəsinə, bank göstərilibsə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edə bilərlər.
İşsiz şəxslərin birdəfəlik ödəmə ilə təminatına aprelin 9-dan başlanılıb və ödəniş prosesi gündəlik davam edir. Ötən 6 gündə Nazirlik tərəfindən artıq 120 min işsiz şəxs üçün birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsi təmin olunub.
Qeydiyyata alınan digər işsizlər də birdəfəlik ödənişlə təmin olunacaqlar.