İcarə haqlarından vergi hesablanması və bəyannamələrin təqdim edilməsi

2020.04.16 15:17 (UTC+04:00)

Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.

Məcəllənin 149.1.4-cü maddəsində isə göstərilir ki, xüsusi notariuslar, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər.

Misal 1: Tutaq ki, fiziki şəxs ona məxsus daşınmaz əmlakı “AA” MMC-yə 2000 manata icarəyə verib. Fiziki şəxsin VÖEN-i yoxdur.

Sual: Bu halda, fiziki şəxs üçün vergitutma və hesabatlılıq necə olmalıdır?

Vergi Məcəlləsinin 124-cü maddəsinə görə “AA” MMC ödədiyi 2000 manatdan 14 faiz məbləğində vergini tutub, qalanını həmin fiziki şəxsə ödəməlidir:

2000x14% = 280 manat
2000-280 = 1720 manat.

Hesabatlılıq baxımından fiziki şəxsin vergi ödəyicisi kimi vergi uçotuna alınmasına ehtiyac yoxdur və fiziki şəxs heç bir bəyannamə təqdim etmir. “AA” MMC fiziki şəxs vətəndaşın vergi agenti kimi çıxış edir, tutduğu 280 manata görə ödəmə mənbəyində vergi bəyənnaməsini təqdim edir.

Misal 2: Tutaq ki, vətəndaş vergi ödəyicisi kimi uçotdadır, VÖEN-i vardır və özünə məxsus daşınmaz əmlakı “BB” MMC-yə 2000 manata icarəyə verib. Bu halda, həmin fiziki şəxs üçün vergitutma və hesabatlılıq necə olmalıdır?

İlkin olaraq, belə təəssürat yaranır ki, fiziki şəxsin VÖEN-i olduğuna görə o, icarədən gəlirləri barəsində illik gəlir vergisi bəyannaməsi verməlidir. Amma, bu belə deyildir. Vergi Məcəllənin 149.1.4-cü maddəsinə görə, ödəmə mənbəyində vergi tutulmayan hallarda fiziki şəxslər gəlirləri barədə bəyannamə verməlidirlər. Əgər ödəmə mənbəyində vergi tutulmuşdursa, fiziki şəxsin vergi bəyannaməsinin təqdim edilməsi öhdəliyi yaranmır. Yəni, bizim misalımızda “BB” MMC VÖEN-i olan fiziki şəxsin icarə haqqından 14 faiz vergi tutulmuşdursa, artıq həmin fiziki şəxsin bu gəlirinə görə gəlir vergisi və ya başqa bir bəyannamənin təqdim edilməsi öhdəliyi yoxdur. Amma başqa gəlirlərinə görə vergi orqanlarına bəyannamə verməlidir. Odur ki, bu halda da fiziki şəxs yox, “BB” MMC onun vergi agenti kimi ödəmə mənbəyində vergi bəyannaməsini təqdim etməlidir.

Misal 3: Tutaq ki, bir vətəndaş digər vətəndaşa evini kirayəyə verib və kirayə haqqı 1000 manat müəyyən olunub. Hər ikisinin VÖEN-i yoxdur, yəni vergi ödəyicisi kimi vergi uçotunda deyillər. Bəs bu halda fiziki şəxs üçün vergitutma və hesabatlılıq necə olmalıdır?

Artq belə hallarda yuxarıdakı misallarda olan qaydaları tədbiq etmək olmur. Bu zaman Vergi Məcəlləsinin 124.1-ci maddəsinin ikinci abzası tətbiq edilir. Çünki icarəyəgötürənin VÖEN-i olmadığından ödəmə mənbəyində vergi tutmaq öhdəliyi yaranmır. 1000 manat icarə haqqı tam olaraq icarəyəverənə ödəyir. Bu zaman icarəyəverən artıq özü vergi ödəyicisi kimi vergi uçotuna durmalı, VÖEN almalıdır. Ona çatan məbləğin 14 faizi həcmində (140 manat) vəsaiti isə büdcəyə ödəməlidir. Bundan başqa, vergi orqanına illik gəlir vergisinin bəyannaməsini göndərməlidir.

Fərqanə ALLAHVERDİQIZI