Bu ilin yanvar-mart aylarında ölkədən 41 min 287 ton azot gübrəsi ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, hesabat dövründə ixrac edilən azot gübrəsinin dəyəri isə 5 milyon 900 min ABŞ dolları olub.
Qeyd edək ki, ötən il yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR karbamid” zavodu istifadəyə verilib. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu (azot gübrəsi) istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollaradək əlavə gəlirin daxil olmasına imkan verəcək. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro cəlb edilib.