Dövlətimiz, hər zaman olduğu kimi, yenə də sahibkarların yanındadır

2020.04.15 16:03 (UTC+04:00)

Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramlarının icrası davam etdirilir və sahibkarların bir qisminə maliyyə yardımı ödənilib. Prosesin şəffaflığını təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısını açıqlayıb. Siyahıdakı şirkətlərdən biri "Zəyəm Texnologiyalar Parkı" ASC-dir. Əsasən kənd təsərrüfatı texnologiyaları, metal konstruksiyalar istehsal edən "Zəyəm Texnologiyalar Parkı" öz məhsullarını yerli şirkətlərlə yanaşı, xarici ölkədə də ixrac edir. Artıq bu il üçün müqavilələr bağlanıb. Pandemiyanın yayılması ilə əlaqədar müqavilələrin icrası ləngiyib.

Şirkətin rəhbəri Elxan Hacıyev "vergiler.az"a bildirib ki, ASC-də əmək müqaviləsi əsasında çalışan işçilərin bir aylıq əməkhaqqı ödənilib: "Bizim müəssisədə fevral ayında rəsmi əmək müqaviləsi ilə çalışan 131 nəfər işçimiz olub. Onların aylıq əməkhaqqı 84 min manat edir. Şirkət işçilərə 27 min manat həcmində ödəniş edərək onların hər birinə 250-300 manat verə bilmişdi. Dövlət dəstəyi çərçivəsində ödənilən maliyyə hesabına əməkdaşların məvaciblərini tam ödəyə bildik".

Şirkət rəhbəri qeyd edib ki, məhdudlaşdırma tədbirləri başa çatdıqdan sonra müqavilələrin icrasına başlanacaq. Qarşıdakı aylarda yeni işçilərin işə götürülməsi gözlənilir.

Taleh Həsənov Qazaxda fəaliyyət göstərən "Göyəzən hazırlıq kursları" MMC-yə rəhbərlik edir. O, bütün problemlərin həllini dövlətdən gözləməyin doğru yanaşma olmadığını vurğulayıb: "Əslində, biz dövlətdən yardım almağın tərəfdarı deyilik. Özümüz işləyib xərclərimizi ödəməliyik. Lakin məlum vəziyyətlə bağlı işimiz dayanıb. Şirkət işçilərin bir aylıq əmək haqlarının ödənilməsi üçün dövlətdən 1.750 manat maliyyə yardımı alıb. Öz işgüzar fəaliyyətimdə daim dövlətin dəstəyini hiss etmişəm. Son dəstək proqramının həyata keçirilməsi ilə dövlətimiz bir daha sahibkarların, vətəndaşların yanında olduğunu göstərdi. Həmişə olduğu kimi, bu çətin günlərlə də yanımızda olan hökumətə minnətdarlığımı bildirirəm".

Qəbələdə fəaliyyət göstərən "Qəbələnd" MMC-də 123 işçi çalışır. Onların bir aylıq əməkhaqqının ödənilməsi üçün dövlət dəstəyi proqramı çərçivəsində şirkətə 40 min manata yaxın vəsait ödənilib. MMC-nin maliyyə meneceri Elşad Eyyubov martın 20-dən şirkətdə işlərin tamam dayandırıldığını, qonaqların qəbul edilmədiyini bildirib: "Karantin günlərində ən yaralı yerimiz əməkhaqqının ödənilməsi idi. Bunun üçün resursumuz, demək olar ki, yox idi. Dövlət dəstəyi proqramı çərçivəsində bizə göstərilən yardımlar bizim biznesimiz üçün böyük əhəmiyyət daşıyır. Buna görə işçilərimiz adından dövlət başçısına, eləcə də İqtisadiyyat Nazirliyinə dərin təşəkkürümüzü bildiririk".

Mingəçevirdə fəaliyyət göstərən "Kür Hazırlıq Mərkəzi" MMC-də mart ayında 28 işçinin əmkhaqqının ödənilməsi məqsədilə şirkətə 5.800 manat yardım ödənilib. MMC-nin rəhbəri Fəqan Əhmədov bildirib ki, martın 3-də təhsil müəssisələrində tədrisin dayandırılmasından sonra bizim mərkəzdə də işlər tam dayandırılıb. Gəlir olmadığından biz də işçilərin əməkhaqqını ödəyə bilmirdik. Belə bir məqamda dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi həm işgüzar fəaliyyətimizə, həm də işçilərimizə böyük kömək oldu. Dövlət bir daha sahibkarlara dayaq olduğunu göstərdi. Buna görə ölkə başçısına, hökumət rəhbərlərinə təşəkkürümüzü bildiririk".

Dövlətin reallaşdırdığı dəstək proqramından yararlanan "CBS Paper" şirkətinin rəhbəri Nadir Mehdiyev pandemiyanın yayıldığı günlərdə çətin duruma düşən şirkətə dayaq olduğu üçün hökumətə minnətdarlığını bildirib. Onun sözlərinə görə, şirkətə göstərilən 3.200 manat maddi yardım işçilərin əməkhaqqının 50 faizinin ödənilməsini təmin edib. Ödənişin qalan hissəsini isə "CBS Paper" özü edəcək.

Fərqanə ALLAHVERDİQIZI