Birinci rübdə Azərbaycanda neft istehsalı 3,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 15,3 faiz artıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-mart aylarında 10,6 milyard manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 65,5 faizi mədənçıxarma sektorunda, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 3,9 faiz azalıb, əmtəəlik qaz istehsalı isə 15,3 faiz artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 17,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,2 faiz çoxalıb.