Sənayenin qeyri-neft-qaz sektorunda istehsal 23 faiz artıb

2020.04.15 13:38 (UTC+04:00)

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-mart aylarında 10,6 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 23 faiz artıb.

Sənaye məhsulunun 28,4 faizi emal sektorunda istehsal olunub. Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,3 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 3,9 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,1 dəfə, içkilərin istehsalı 2,1 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 66,7 faiz, əczaçılıq məhsullarının istehsalı 36,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 28 faiz, tütün məmulatlarının istehsalı 28 faiz, kimya sənayesi məhsullarının istehsalı 25,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 25 faiz, poliqrafiya məhsullarının istehsalı 20,2 faiz, kağız və karton istehsalı 20,2 faiz, elektrik avadanlıqlarının istehsalı 18,3 faiz, mebel istehsalı 14,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 10,5 faiz, geyim istehsalı 10 faiz, neft məhsullarının istehsalı 9,6 faiz, qida məhsullarının istehsalı 5,3 faiz, hazır metal məmulatlarının istehsalı 2,7 faiz artıb.

Tikinti materiallarının istehsalı 14,8 faiz, maşın və avadanlıqların istehsalı 16 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 60,7 faiz azalıb.