Qeydiyyat üçün kağız daşıyıcıda sənəd ləğv olunub

2019.01.31 19:03 (UTC+04:00)

Vergilər Nazirliyinin yenicə tətbiq etdiyi "Hüquqi şəxslərin bir prosedurla onlayn qeydiyyatı" layihəsinə uyğun olaraq, biznesə başlamaq istəyənlər cəmi bir prosedur vasitəsilə qeydiyyatdan keçə bilər. Halbuki əvvəllər bunun üçün 3 prosedurdan keçmək tələb olunurdu. Hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün, ilk növbədə, "elektron imza", qeydiyyat orqanına müraciət, bundan sonra isə işçilərin qeydiyyata alınması üçün ayrıca müraciəti tələb olunurdu.

Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədli mövzunu şərh edərkən bildirib ki, artıq hər 3 prosedur ləğv edilib və hüquqi şəxslərin qeydiyyatı yalnız bir prosedurla həyata keçirilir. Bunun üçün biznes fəaliyyətinə başlayan hüquqi şəxsin qanuni təmsilçisi Vergilər Nazirliyinin "İnternet Vergi İdarəsi" portalında (https://www.taxes.gov.az) fin-kodunu (şəxsiyyət vəsiqəsində olan fin) və mobil nömrəsini qeyd etməklə xüsusi proqram vasitəsilə mobil nömrənin fin-koda uyğunluğunu dəqiqləşdirməlidir. Fin-kod və telefon nömrəsinin müraciət edən şəxsə məxsusluğu yoxlanıldıqdan sonra onun telefon nömrəsinə xüsusi kod göndərilir. Həmin kodu sistemə daxil edən şəxs onun üçün yaradılmış "Elektron kabinet"ə daxil olur. Burada bütün prosedurlar bir ərizə vasitəsilə həyata keçirilir. Hüquqi şəxsin müraciət ərizəsi göndərildiyi andan onun VÖEN-i müəyyən edilir və gün ərzində işlənib təsdiq olunaraq onun "Elektron kabinet"inə göndərilir. Bu andan həmin hüquqi şəxs biznes fəaliyyətinə başlamış hesab edilir.

Sənədlər elektron qaydada həm notariuslara, həm banklara,
həm də digər qurumlara təqdim olunacaq

S.Seyidəhmədli qeydiyyat sahəsindəki daha bir yenilik barədə də məlumat verib. Qeyd edib ki, hüquqi şəxslərin qeydiyyat proseduruna dair dəyişikliklərdə direktorların da hüquqları nəzərə alınıb. Bəzi hallarda hüquqi şəxs yaradılarkən direktorların bundan xəbəri olmurdu, bu isə vergi orqanları ilə sahibkarlar arasında ciddi problemlərə yol açırdı: "Mövcud qanunvericiliyə əsasən, hüquqi şəxsin fəaliyyətinə cavabdehliyi direktor daşıyır. Ona görə də bu məsələlərdə hər hansı narazılıq olmasın deyə, hüquqi şəxsin dövlət qeydiyyatı barədə müraciətin bilavasitə direktor tərəfindən verilməsi nəzərdə tutulur".

Bildirilib ki, qeydiyyat prosedurunun daha da sadələşdirilməsi məqsədilə bank hesabının açılması prosesində də yenilik var. Nazirliyə müraciət olunduqdan sonra bank hesabı üzrə şəhadətnamənin dublikatı banklar vasitəsilə verilir. İndi kağız dövriyyəni aradan qaldırmaq məqsədilə bütün dövlət qurumları, o cümlədən banklara hüquqi şəxsin şəhadətnaməsinin, nizamnaməsinin və reyestrdən çıxarışının elektron versiyasının göndərilməsi təmin edilib: "Bunun da çox sadə bir üsulu var. Yəni bank işçisi şəhadətnamə-dublikatın nömrəsini kod kimi sistemə daxil edəcək və hüquqi şəxsin VÖEN nömrəsini yazmaqla "Elektron kabinet"ə giriş əldə edərək hüquqi şəxsin şəhadətnaməsinin, nizamnaməsinin və reyestrdən çıxarışının elektron versiyasını əldə edəcək. Bununla da hüquqi şəxsin özü ilə kağız daşıyıcıda hər hansı sənəd aparmasına ehtiyac olmayacaq".

Yeri gəlmişkən, "İnzibati icraat haqqında" Qanuna edilmiş dəyişikliyə əsasən, dövlət orqanı hüquqi şəxs yaratmış şəxslərdən kağız daşıyıcılarda sənədlər istəməyəcək. Vergilər Nazirliyi də inzibatçılıq qaydasında elə bir imkan yaradıb ki, sənədlər elektron qaydada həm notariuslara, həm banklara, həm də digər qurumlara təqdim olunacaq. Hüquqi şəxsin şəhadətnaməsi isə xüsusi barkodla təmin edilib. Yəni yalnız şəhadətnaməni təqdim etməklə həmin hüquqi şəxsin mövcud olub-olmadığı Vergilər Nazirliyinin informasiya sistemi tərəfindən yoxlanılacaq.

Elxan SALAHOV