Sahibkarlıq subyektlərinin sosial ödənişlərinə dəstək veriləcək

2020.04.15 15:25 (UTC+04:00)

İqtisadçı ekspert Ruslan Atakişiyev ölkədə koronavirus pandemiyasının təsirlərinin minimuma endirilməsi ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi üç mərhələdən ibarət tədbirlər planı barədə bildirib ki, əsas mərhələlərdən biri əmək müqaviləsi ilə çalışan muzdlu işçilərin sosial müdafiəsidir. Burada başlıca meyar şəffaf işləyən, bəyannaməsini vaxtında verən sahibkarlıq subyektlərində əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin dəstəklənməsidir. Dövlət sahibkarlıq subyektlərinin işçiləri ixtisar etməməsində, işçiləri öz hesabına məzuniyyətə göndərməməsində maraqlıdır.

Dövlət dəstəyindən pandemiyadan daha çox zərər çəkən fəaliyyət sahələrində çalışan sahibkarlıq subyektləri yararlana biləcək. Onları müəyyən etmək üçün dörd başlıca istiqamət müəyyənləşdirilib. Buraya sənaye sektoru, ticarət, xüsusilə topdan və pərakəndə ticarət sahələri, turizm, ictimai iaşə, otelçilik, turoperatorlar, turagentlər, həmçinin restoran, kafe, yeməkxana kimi sahələr nəzərdə tutulub. Xidmət sektorunda isə təhsil xidmətləri, özəl ali təhsil müəssisələri, repititorluq fəaliyyətləri üçün dəstək planlaşdırılıb. Nəqliyyat sektorunda xüsusilə ölkədaxili və rayonlararası daşıma və yükdaşıma sahələrinə də dəstək göstərilməsi nəzərdə tutulub.

Dövlət dəstəyi proqramı ümumilikdə hüquqi şəxs yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərdə çalışan 300 min muzdlu işçini, eləcə də hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan 300 minə yaxın fərdi sahibkarlıq subyektlərini əhatə edir. Bu məqsədlə, dövlət büdcəsindən 215 milyon manat vəsait ayrılıb.

Sahibkarlıq subyektləri üçün İnternet Vergi İdarəsindəki (https://www.e-taxes.gov.az) baş səhifədə müraciət bölməsi yaradılıb. Onlardan biri fərdi sahibkarlara dövlət dəstəyi proqramına müraciət üçün, digəri isə muzdlu əmək müqaviləsi ilə çalışan işçilərə dəstək üçün nəzərdə tutulub.

Fevral ayı ilə müqayisədə mart və aprel aylarında işçi sayında fərq üzə çıxarsa, hansısa sahibkarlıq subyektində işçilərin işdən çıxarılması halı baş verərsə, həmin müəssisələr dövlət proqramından istifadə imkanından məhrum olunurlar. O cümlədən, sahibkarlıq subyektlərinin riskli vergi ödəyiciləri ilə əməkdaşlıq etdikləri aşkarlanarsa, bu, onların həmin proqramdan dəstək almaq imkanlarından məhrum edir.

Muzdlu işçilərin əməkhaqqının ödənilməsində ölkə üzrə orta əməkhaqqı meyarı 712 manat nəzərdə tutulub. Bu o deməkdir ki, sahibkarlıq subyektlərində çalışan əmək müqaviləsi olan muzdlu işçilər bağladıqları müqavilədə əməkhaqqı 712 manatdan çoxdursa, onlara ancaq bu məbləğ ödəniləcək.

Misal: Tutaq ki, "AA" MMC-də 10 nəfər işçi var. Onlardan altısı 500 manat, qalan dördü isə 1.000 manat maaş alır.

6 x 500 = 3.000 manat

Bu halda, müəssisəyə 6 nəfərə görə 3.000 manat vəsait tam ödəniləcək. Qalan 4 nəfərin hər biri üçünsə 712 manat həcmində yardım ödəniləcək.

4 x 712 = 2.828 manat

Deməli, 10 nəfər işçiyə görə, "AA" MMC-yə ümumilikdə 5.828 manat yardım ödəniləcək".

Bunlarla yanaşı, sahibkarlıq subyektlərinin sosial ödənişlərinə də müəyyən dəstək verilməsi nəzərdə tutulub. Sahibkarlıq subyektləri dövlət dəstəyi proqramı çərçivəsində əldə etdikləri vəsaitləri özlərinin marağında olduğu başqa istiqamətlərə xərclədikdə, öz öhdəliklərini yerinə yetirmədikdə dövlət büdcəsindən ayrılan vəsaitin qeyd-şərtsiz tam şəkildə yenidən dövlət büdcəsinə qaytarılması ilə bağlı iddia qaldırılacaq.

Tədbirlər planında əsas hədəf vətəndaşların sosial müdafiəsidir. Artıq inkişaf etmiş ölkələrdə koronavirus pandemiaysı ilə bağlı işsizlik səviyyəsi artmaqdadır. ABŞ-da işsizlərin sayı 6,6 milyon nəfərə çatır. Azərbaycanda isə pandemiya çərçivəsində mart ayının sonuna 78 min işçinin çıxarılması ilə bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi portalına bildirişlər göndərilib. Amma dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin bildirişlərin dayandırılması və əmək müqavilələrinin davam etdirilməsi, həmin müəssisələrin dövlət tərəfindən dəstəklənəcəyi ilə bağlı məsələlər sahibkarlıq subyektlərinə çatdırılıb.

Pandemiya dövründə dövlət mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərməklə onların fəaliyyətinin təmin olunamsına çalışır. Bundan əlavə, dövlət şəffaf işləyən sahibkarların yanında olduğunu bir daha bəyan edir. Hazırkı dövrdə "kölgə iqtisadiyyatı"nda çalışan, indiyədək dövlətin çağırışlarına cavab verməyən, gizli fəaliyyətini davam etdirən, işçilərlə əmək müqaviləsi bağlamayan və rəsmi fəaliyyət göstərməyən sahibkarlıq subyektlərinin dəstək mexanizmlərindən yararlana bilməməsi dövlətin şəffaflıq prosesində iradəli hərəkətini əks etdirir.

Daha bir hədəf isə sahibkarlıq subyektlərinin postkoronavirus dövrünə hazırlanması, onların pandemiya keçəndən sonrakı dövrdə daha rəqabətqabiliyyətli ola bilmələrinə dəstək verilməsidir.

Fərqanə ALLAHVERDİQIZI