COVID-19 pandemiyası fonunda müxtəlif ölkələrin ümumi daxili məhsulunun (ÜDM) həcmi ikinci kvartalda 2020-ci ilin ilk üç ayı ilə müqayisədə 35 faiz azala bilər.
Bu proqnoz “Goldman Sachs” investisiya bankının baş iqtisadçısı Yan Hatsius tərəfindən irəli sürülüb. Onun sözlərinə görə, hazırkı eniş 2008-ci ildə baş verən maliyyə böhranı zamanı qeydə alınan əvvəlki rekord azalmanı dörd dəfə üstələyəcək. İnkişaf etmiş ölkələrin iqtisadiyyatının bərpa sürəti müəmmalı olaraq qalır, çünki insanların işlərinə nə vaxt qayıdacağı məlum deyil.
Bəzi ölkələrdə koronavirusa yeni yoluxma hallarının miqdarı çox güman ki, pik həddinə çatıb. Yan Hatsiusun fikrincə, insanlar işlərinə qayıdan kimi yoluxma halları yenidən sürətlə arta bilər.
“İnkişaf etmiş ölkələrin əksəriyyəti vətəndaşlara dəstək və böhran dövründə biznesin ayaqda qalması üçün kredit vəsaitinin əlçatanlığını təmin etməklə ciddi tədbirlər görüb. Buna baxmayaraq, Avropa daha artığını etməli və varlı dövlətlər inkişaf edən bazara kömək göstərməlidir”, - deyə ekspert bildirib.
Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Bakı vaxtı ilə bu gün saat 13:00-a olan məlumata əsasən, dünyada 1 milyon 931 mindən çox yoluxma və 120 min 134 ölüm faktı qeydə alınıb, COVID-19 xəstəliyindən sağalanların sayı isə 453 min 767 nəfərə çatıb.