İqtisadi dəstək proqramları kifayət qədər geniş və əhatəlidir

2020.04.14 18:03 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı Elşad Məmmədov qeyd edib ki, iqtisadi sektorlar və sahibkarlar üçün hazırlanan dəstək proqramları kifayət qədər geniş və əhatəlidir. Ölkədə həyata keçirilən iqtisadi paketdə biznesə dəstək önəmli yer tutur. Nəzərə almaq lazımdır ki, biznesə dəstək mexanizmləri müxtəlif istiqamətlər üzrə həyata keçiriləcək. Bu istiqamətlərdən biri də biznes kreditləri ilə bağlı dəstək mexanizmidir. Burada sahibkarların kredit yükünü xeyli dərəcədə dövlət öz üzərinə götürəcək: biznes kreditlərinin aktiv şəkildə subsidiyalaşdırılması nəzərdə tutulur.

Daha bir istiqamət vergi stimullarının, vergi tətillərinin tətbiq olunmasıdır. Bunun nəticəsində də vergi yükünün azaldılması və işgüzar fəallığın daha da stimullaşdırılması planlaşdırılır.

Əməkhaqqının ödənilməsində biznesə dəstək göstərilməsi də xüsusi əhəmiyyət kəsb edir. Bu məsələ ilə bağlı sahibkarlıq subyektlərinin dövlətin dəstəyinə ciddi ehtiyacı var. Hesab edirəm ki, dövlət tərəfindən qəbul edilmiş qərarlar biznes üzərində iqtisadi yükün müəyyən mənada götürülməsinə şərait yaradacaq. Bu da hazırkı şəraitdə ölkə sahibkarlığının dayanıqlığının qorunması nöqteyi-nəzərdən son dərəcə önəmlidir.

Səbuhi TURAN