Azərbaycanda əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcmi iki ay müddətində artırılıb

2020.04.13 21:08 (UTC+04:00)

Nazirlər Kabineti “Əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” Qərar verib.

Nazirlər Kabinetindən bildiriblər ki, Qərar Baş Nazir Əli Əsədov tərəfindən “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına uyğun olaraq imzalanıb. Qərara əsasən:

1. “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarı ilə müəyyən edilmiş əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən ardıcıl iki hesabat ayı müddətində 100 (yüz) kilovat-saat artırılaraq 400 (dörd yüz) kilovat-saat müəyyən edilir.
2. Bu Qərar bütün əhali istehlakçılarının aprel ayında sayğac oxunduğu gündən sonrakı iki hesabat ayı üçün istehlak etdikləri elektrik enerjisinə şamil edilir. Hesabat ayı üçün istehlak edilən elektrik enerjisi dedikdə, ardıcıl 30 (otuz) təqvim günü ərzində istifadə edilmiş elektrik enerjisinin həcmi nəzərdə tutulur.

3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə tapşırılır ki:

3.1. bu Qərarın 1-ci hissəsi ilə edilən dəyişiklik nəticəsində elektrik enerjisinin əhali tərəfindən aşağı tariflə istehlakından yaranan fərqin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamı ilə ayrılan vəsait hesabına kompensasiya edilməsi məqsədilə zəruri məlumatların və təsdiqedici sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin;

3.2. bu Qərarın icrasından irəli gələn digər məsələləri həll etsin.