Rəqəmsal ödənişlər stimullaşdırılır

2019.01.31 15:17 (UTC+04:00)

Mərkəzi Bank rəqəmsal ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə "Kartla ödə, kartla qazan" adlı stimullaşdırıcı lotereyaya start verib. Kampaniya bütün ölkəni əhatə edir.

Üç tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya fevral, mart və aprel aylarını əhatə edəcək. Bu dövrdə Azərbaycan bankları tərəfindən emissiya edilmiş ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin POS-terminallarında minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edəcəkdir. Yəni 5 manatdan yüksək hər bir əməliyyat kart istifadəçisinə 1 şans verəcək.

Lotereyanın uduş məbləği 50 manat məbləğində nəzərdə tutulur və hər tirajın uduş fondu oynanıldıqdan sonra qalib olan şəxsin kart hesabına daxil ediləcək. Lotereyada bütün növ ödəniş kartları, o cümlədən pensiya, əməkhaqqı, təqaüd və tələbə kartları iştirak edə bilər. Lotereya dövründə ümumilikdə ölkə üzrə 1.800 nəfərin qalib olacağı planlaşdırılır.