Postkoronavirus dövründə özünüməşğulluq proqramları iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək

2020.04.13 17:47 (UTC+04:00)

Əhalinin məşğulluğu sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə respublikada iqtisadiyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirilib. Bu sahədə dayanıqlı inkişafa nail olunub, yeni infrastruktur layihələri reallaşdırılıb ki, bu da yoxsulluğun və işsizliyin səviyyəsini aşağı salıb.

Bu fikri Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

O qeyd edib ki, əhalinin, xüsusilə gənclərin məşğulluğunun təmin edilməsi dövlət tərəfindən prioritet vəzifə kimi qarşıya qoyulub və xüsusi proqramlar icra olunub. Məhz bunun nəticəsində əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında, xüsusilə də əhalinin məşğulluğunda əvvəlki illərlə müqayisədə 2019-cu ildə irəliləyişlər əldə edilib. 2018-ci illə müqayisədə, məşğulluq xidməti orqanları vasitəsilə işə düzələnlərin sayı 2019-cu ildə 99 faiz artıb. Belə ki, 2018-ci ildə işə düzənlənlərin sayı 51774 nəfər idisə, bu rəqəm 2019-cu ildə 103028 nəfərə kimi yüksəlib. İctimai işə cəlb olunanların sayı 2018-ci ildə 1022 nəfər idisə, 2019-cu ildə bu rəqəm 46,6 dəfə artaraq 47599 olub. Əhalinin özünəməşğulluğunun təmin edilməsi tədbirləri Beynəlxalq Əmək Təşkilatının üzv ölkələrə təqdim etdiyi “Öz biznesinə başla və təkmilləşdir” proqramında əks olunub. Azərbaycanda özünüməşğulluq proqramının icrasına Prezidentin 2016-cı il 7 aprel tarixli Sərəncamı ilə başlanıb. Ölkəmizdə 4 ildir uğurla icra olunan layihə 2019-cu ildə öz əhatə dairəsini 72 faiz genişləndirib.

Milli Məclisin deputatı onu da xatırladıb ki, Azərbaycanın bu sahədə gördüyü işlər Beynəlxalq Əmək Təşkilatı tərəfindən ən yaxşı təcrübə kimi dünya ölkələrinə tövsiyə edilib. Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi bir dövrdə əhalinin məşğulluğu sahəsinə diqqətin daha da artırıldığını diqqətə çatdıran Müşfiq Cəfərov gənclər üçün bu istiqamətdə proqramların hazırlanmasının və qısa zamanda icrasına başlanmasının müsbət nəticələr verəcəyini deyib.

“Hazırda ölkəmizdə Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla və təkmilləşdir” proqramının kiçik bir hissəsi – “Öz biznesinə başla” hissəsi tətbiq edilir. Proqram paketində olan ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması, mikro və kiçik sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması və işsizlik səviyyəsinin azaldılması, dövlət vəsaitlərinin xərclənməsində səmərəliliyin artırılması, yoxsulluq səviyyəsinin azaldılması, iqtisadiyyatda inkluzivliyin gücləndirilməsi kimi tövsiyələr həyata keçirilərsə, bugünkü çətin vaxtlarda ölkə iqtisadiyyatında 40-50 faizədək artım müşahidə edilər", – deyə Müşfiq Cəfərov qeyd edib.

Deputat bildirib ki, Beynəlxalq Əmək Təşkilatı “Öz biznesinə başla və təkmilləşdir” proqramını tam həcmdə həyata keçirmək üçün Azərbaycanda həm təlimçi və mütəxəssis resursları, həm də proqramın nümayəndəsi var. Ölkəmizdə uğur əldə etmiş bu proqram tam şəkildə icra olunarsa, əhalinin məşğulluğu sahəsində həyata keçirilən çoxşaxəli islahatlara, postkoronavirus dövründə də iqtisadiyatın davamlı və rəqabətqabiliyyətli inkişafına müsbət töhfələr verər.