Maliyyə Nazirliyi: Koronavirusla bağlı zərərə məruz qalmış 5752 sahibkara maliyyə dəstəyi göstərilib

2020.04.13 13:57 (UTC+04:00)

Koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

Maliyyə Nazirliyindən bildirilib ki, aprelin 13-də nazirliyin Dövlət Xəzinədarlığı Agentliyi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının ödənilməsi üçün 1983 vergiödəyicisinə 3 milyon 652 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 2560 fərdi (mikro) sahibkara isə 2 milyon 948 min manat vəsaiti onların müvafiq bank hesablarına köçürüb.

Bundan əvvəl, aprelin 9-da Maliyyə Nazirliyi tərəfindən ilk tranş da nəzərə alınmaqla, bugünkü tarixə 5752 vergiödəyicisinə ümumilikdə 8 milyon 939 min manat maliyyə dəstəyinin göstərilməsi təmin olunub.

Koronavirus (COVID-19) pandemiyasının və dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Qərarı ilə təsdiqlənən Tədbirlər Planına uyğun olaraq sahibkarlara maliyyə dəstəyinin ödənilməsi onların müraciəti əsasında İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunan sifarişlər əsasında xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdirilir.