Sahibkarlar, yardım üçün bütün zəruri informasiya elektron kabinetinizdə!

2020.04.14 16:08 (UTC+04:00)

Vergilər Nazirliyi vergi ödəyicilərinə təqdim edilən elektron xidmətlərin əhatə dairəsini daim genişləndirir və bu xidmətlərin əlçatan olması üçün bütün zəruri addımları atır. Hazırkı şəraitdə bu məsələ xüsusi əhəmiyyət kəsb edir: koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə xüsusi karantin rejimi elan edilib və bu rejim çərçivəsində əhalinin hərəkətinə, canlı ünsiyyətinə, yerlərdə fəaliyyətinə müəyyən məhdudiyyətlər tətbiq edilib. Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələri nəzərə alınaraq vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyəti də dayandırılıb və hazırda vergi orqanları tərəfindən xidmətlərin daha çox elektron formada həyata keçirilməsinə üstünlük verilir. Bu səbəbdən də sahibkarlar tərəfindən elektron kabinetdən və elektron xidmətlərdən istifadə edilməsi daha da aktuallaşaraq zəruri hala çevrilib.

Bu günlərdə İqtisadiyyat Nazirliyi pandemiyadan zərər çəkən sahələrə yardımların ayrılması ilə bağlı dövlət dəstəyi mexanizmlərini ictimaiyyətə açıqlayıb. Kiçik və orta sahibkarlar üçün maraq doğuran əsas məsələ pandemiyadan zərər çəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsidir. Bu proses tam şəkildə vergi ödəyicilərinin elektron kabineti üzərindən həyata keçirilir. Vergi ödəyiciləri İnternet Vergi İdarəsində ("www.e-taxes.gov.az") mövcud olan elektron kabinetləri vasitəsilə yardım üçün müraciət etdikdən sonra bu prosesə start veriləcək. Həmin müraciətlər əsasında qısa müddət ərzində sahibkarın öz işçilərinə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək. Maliyyə dəstəyinin əldə edilməsi üçün fərdi sahibkarlar da özlərinin elektron kabinetləri vasitəsilə müraciət etməlidirlər. Yalnız bu müraciətlər əsasında dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürüləcəkdir.

Qeydiyyatda olan bütün vergi ödəyicilərinin şəxsi elektron kabinetlərinə "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı" barədə bildirişlər göndərilir.

Bundan əlavə, sahibkarların dövlət tərəfindən həyata keçirilən digər yardım alətləri ilə də elektron kabinet üzərindən tanış olmaq və müraciət etmək imkanı var. Beləliklə, hazırkı izolyasiya şərtləri altında elektron kabinetdən istifadə vergi ödəyicilərinə imkan verir ki, onlar dövlətin yardım mexanizmlərindən daha tez və effektiv şəkildə yararlana bilsinlər. Elektron kabinetdən istifadənin üstünlüyü ondadır ki, vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsi vaxt və resurs itkilərinin qarşısını alır. Sahibkarlar yardım mexanizmləri barədə müxtəlif mənbələrdən çoxsaylı məlumat toplamaq və sənəd təqdim etmək məcburiyyətində qalmırlar.

Təəssüf ki, yaranmasından xeyli vaxt keçməsinə baxmayaraq, hələ də bəzi vergi ödəyiciləri özlərinin elektron kabinetinə müntəzəm daxil olmur, bununla da gündəlik iş həyatı üçün zəruri olan informasiyalardan kənarda qalırlar. Bəzən vergi ödəyiciləri elektron kabinetdən istifadəni mürəkkəb bir proses hesab edir, vergi orqanı ilə məktublaşma onlara qəliz göründüyü üçün ondan istifadədən çəkinirlər. Halbuki, elektron qutudan istifadənin əsas prinsipləri sosial şəbəkələrdəki məktublaşma prinsipindən (məsələn, Facebookdakı inboks) heç nə ilə fərqlənmir, əksinə daha rahatdır. Elektron kabinetin iş prinsipi çox asandır. Bu, vergi ödəyicisinin İnternet Vergi İdarəsində yaradılmış fərdi elektron səhifəsidir. Vergi ödəyicisi vergi orqanı tərəfindən verilən kod-parol və ya gücləndirilmiş elektron imza ilə bu səhifəyə daxil olaraq ona ünvanlanmış bütün sənədləri - müraciətləri, məktubları, aktları, tələbnamələri, bildirişləri oxuya bilər. Elektron kabinet vergi ödəyicisi ilə vergi orqanı arasında daimi, qırılmaz qarşılıqlı məlumat mübadiləsini təmin edir.

Elektron kabinetin bir çox üstünlükləri var. Əvvəla, vergi ödəyiciləri elektron kabinet vasitəsilə vergi orqanına sənəd və məlumatları elektron üsulla göndərmək imkanı əldə edir. İkincisi, vergi ödəyicisi istənilən yerdən səhifəsinə daxil olaraq özünün şəxsi məlumatlarına, ödədiyi vergilərə, büdcəyə olan borclarına, öhdəliklərinə və s. baxa bilir. Nəhayət, sosial izolyasiya tədbirləri zamanı sahibkarların vergi orqanları ilə əlaqələrinin davamlı xarakter daşıması üçün bundan təhlükəsiz vasitə düşünmək mümkün deyil.

İş adamları, elektron qutunuzu daim yoxlayın ki, dövlətin yaratdığı imkanlardan vaxtında yararlana biləsiniz.