Zərərin keçirilməsi qaydası

2020.04.18 11:14 (UTC+04:00)

Maddə zərərlərin, amortizasiya və təmir xərclərinin növbəti illərin mənfəəti ilə kompensasiya olunması ilə bağlıdır.

121.3. Bu Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə bu Məcəllənin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir.

Maddənin tətbiqi üçün bir neçə hal olmalıdır:

Misal 1: Tutaq ki, "AA" MMC-nin 1 yanvar 2018-cu il tarixinə kimi balansında qalıq dəyəri 10.000 manat olan avadanlıqları vardır və 2018-ci ildə avadanlıqlara 15% (1500 manat) amortizasiya hesablamışdır. 31 dekabr 2019-cu il tarixinə avadanlıqların qalıq dəyəri (10.000-1500) = 8500 manat təşkil etmişdir. Nəzərə alaq ki, "AA" MMC 2018-ci ildə sadələşdirilmiş vergi ödəyicisi olub. MMC xərc maddəsi kimi 1500 manat amortizasiyanı xərclərinə daxil etmiş və rəhbərlik qərara almışdır ki, avadanlıqlar üzrə ehtiyat kimi (10.000 * 20%) – 1500 = 500 manatı gələn ilin mənfəətindən çıxacaqdır. Artıq MMC 1 yanvar 2019-cu il tarixindən dövriyyəsinə görə ƏDV, eyni zamanda mənfəət vergisi ödəyicisi olmuşdur.

Sual meydana çıxır ki, "AA" MMC 500 manatı gəlirlərdən 2019-cu ildə çıxa biləcəkmi?

Birmənalı olaraq bildirək ki, 500 manat mənfəətdən təkcə 121.3.-cü maddəyə görə yox, 114.4-cü maddəyə görə də çıxılmayacaqdır. Çünki normadan az hesablanan amortizasiya ilkin olaraq gəlirlərdən çıxılsa da, norma üzrə yerdə qalan amortizasiyanı gələcək illərin gəlirdən çıxmaq üçün fərq məbləğ də (500 manat) gələcək dövrün xərcləri kimi hesablanmalıdır: avadanlığın qalıq dəyəri azaldıldıqdan sonra növbəti illərdə istifadə oluna bilər. Yəni bizim misalımızda 2018-ci il üçün 10.000 * 20% = 2000 manat amortizasiya hesablanmalıdır, "AA" MMC-nin sadələşdirilmiş vergi bəyannaməsində 31 dekabr 2019-cu ilə avadanlığın qalıq dəyəri kimi 8000 manat yazılmalıdır və bundan sonra 1500 manat 2018-ci ildə xərcə silinməlidir, ehtiyat kimi 500 manat amortizasiya isə hesabatlarda gələcək dövrün xərcləri kimi yazılmalıdır.

Əgər "AA" MMC 2019-cu ildə sadələşdirilmiş vergi ödəyicisi kimi qalsa idi, onda 500 manatı istifadə edə bilərdi. Ancaq Vergi Məcəlləsinin 121.3-cü maddəsində edilmiş dəyişikliyə görə sadələşdirilmişdən mənfəət vergisi ödəyicisinə keçdikdə yerdə qalan ehtiyat 500 manat amortizasiya məbləğini mənfəətin azaldılmasına sərf etmək olmaz. Odur ki, "AA" MMC 2019-cu ildə bu 500 manatı vergitutma, vergi uçotu məqsədləri üçün xalis mənfəətdən azaldacaqdır.

Misal 2: Yuxarıdakı misalımızın davamı kimi nəzərə alaq ki, 1500 manat amortizasiya hesablanmışdır və qalıq dəyəri bəyannamədə 8500 manat olmuşdur. Bu halda 2019-cu ildə "AA" MMC sərbəst formada 8500 manat qalıq dəyərinə 20% amortizasiya dərəcəsini tədbiq etməklə 1700 manat məbləği mənfəət vergisi bəyannaməsində xərc maddəsi kimi yaza bilər. Ona görə ki, 2018-ci ildə az norma tədbiq etməklə yerdə qalan amortizasiya məbləğinə ehtiyat yaratmamışdır.

Nəzərdən keçirdiyimiz misallar əyani şəkildə göstərir ki, vergi ödəyiciləri bu məsələlərdə diqqətli olmalıdırlar.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI