Mart ayında sosial təminat növləri üzrə əhaliyə 486 milyon manat vəsait ödənilib

2020.04.11 18:04 (UTC+04:00)

Martda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı olaraq ümumilikdə 486 milyon manat vəsait ödənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ölkədə 2 milyon 300 min şəxs bu sosial təminat növləri üzrə ödənişlərlə təmin olunub.
Ötən il həyata keçirilən sosial paketlər çərçivəsində müavinət və təqaüdlərin iki dəfəyə qədər artırılması təmin olunub. Beləliklə, müavinət və təqaüdlər üçün illik büdcə iki dəfəyə qədər artırılmaqla 985 milyon manata çatıb. Yeni təqaüd növləri – sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdləri təsis edilib.
Habelə ötən il minimum pensiya 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılıb. Əməkhaqqı artımı, xüsusi şərtlərlə təyin olunmuş pensiyalar müvafiq sahələr üzrə əməkhaqlarının artımı nəticəsində orta hesabla 31 faiz artırılıb.
Bu ilin əvvəlindən isə pensiyalar ötən ilin orta aylıq əməkhaqqının artım göstəricisinə uyğun indeksləşdirilərək 16,6 faiz artırılıb. Ötənilki islahat və cari ilin əvvəlindən indeksləşdirmə nəticəsində son bir ildə yalnız pensiya artımları üçün ayrılan əlavə vəsait 1 milyard manatdan çoxdur.