Mavritaniyanın paytaxtı Novakşot şəhərində İslam Ölkələri Vergi İdarələri Birliyinin (ATAIC) 15-ci texniki konfransı başa çatmışdır. 54 ölkənin nümayəndələrinin iştirak etdiyi konfransda vergi sahəsində risklərin idarə edilməsi, vergi təşviqləri və təsirlərlə əlaqədar məsələlər müzakirə edilmiş, vergi idarəçiliyində məlumatların qorunması prosedurları və məxfilik tədbirləri ilə bağlı ayrıca panel iclası keçirilmişdir. Mavritaniyanın büdcə məsələlərinə məsul dövlət naziri Vəlid Kambu konfransın açılışındakı çıxışında tədbir iştirakçılarını qitələrarası vergi qaçaqlığı, transmilli şirkətlərin əməliyyatlarında yol verilən vergidən yayınma və vergi riskləri kimi mövzuları diqqət mərkəzinə çəkməyə çağırmışdır. O, vətəndaşlara layiqli həyat tərzi üçün şərait yaradılması naminə öz ölkəsində müxtəlif sahələrdə inkişaf layihələrinin həyata keçirilməsi üçün yerli vergi qaynaqlarının səfərbər olunmasının zəruriliyini vurğulamışdır. ATAIC-nin baş katibi Muhammed Osman İbrahim isə konfrans çərçivəsində gerçəkləşən bu görüşün birliyə üzv ölkələrin qarşılaşdıqları ümumi problemlərlə mübarizədə fikir, məlumat və təcrübə ilə yanaşı, vergi sahəsindəki ən yaxşı nailiyyətlərin mübadiləsi üçün əlverişli imkan yaratdığını bildirmişdir.