190 manatlıq yardım ciddi ehtiyacı olan vətəndaşlar üçün nəzərdə tutulub

2020.04.10 15:21 (UTC+04:00)

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində - 190 manat birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Azərbaycan qanunvericiliyinə əsasən, işsiz şəxs işi və qazancı olmayan əmək qabiliyyətli yaşda olub işsiz kimi qeydiyyatdan keçmiş şəxslərdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya və Fərdi Uçota Nəzarət şöbəsinin müdir müavini Babək Hüseynov bildirib ki, ölkəmizdə işsiz şəxs kimi qeydiyyatdan keçmə tam elektronlaşdırılıb. "Artıq heç bir məşğulluq xidməti orqanının yerli şöbəsinə müraciət etməyə ehtiyac yoxdur. Vətəndaşlar "E-sosial.az" portalı üzərindən qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesi tam sadələşdirilib, vətəndaşın şəxsiyyət vəsiqəsinin məlumatlarını və öz adına olan mobil nömrəsini daxil etməsi kifayət edir. Mövcud qanunvericiliyə əsasən, işsizlik statusu 5 gün ərzində verilir. Sadələşdirmə sayəsində vətəndaşlarımız bu 5 gün müddəti gözləmədən də işsiz statusu ala bilirlər. Amma nəzərə almaq lazımdır ki, işsiz kimi qeydiyyata heç bir qazancı olmayan şəxslər alınır. Məşğul sayılan şəxslərə işsiz statusu verilmir: bunlara əmək müqaviləsi əsasında işləyənlər, aktiv vergi ödəyicisi olanlar, mülkiyyətində pay torpağı olanlar, Silahlı Qüvvələrdə xidmət keçən şəxslər və digərləri daxildir.

190 manat məbləğində birdəfəlik ödəmənin verilməsində məqsəd pandemiya ilə bağlı tədbirlər səbəbindən iş yerini itirmiş və işsiz qalan şəxslərin minimal ehtiyaclarının qarşılanmasıdır. Bu ödəmənin iki ay ərzində işsiz statusu olan şəxslərə verilməsi nəzərdə tutulub. Hazırda 70 mindən artıq şəxsin real işsiz statusu var, təsdiq edilmiş tədbirlər planına əsasən isə ümumilikdə 200 minədək şəxs 190 manat yardım alacaq.

Ailədə digər mənbədən gəlirləri olmayan, yəni istər pensiya olsun, istər ünvanlı dövlət sosial yardımı, istərsə də digər sosial ödənişlər olsun, əgər ailə üzvlərindən kimsə - burda söhbət ər və arvaddan gedir – bu kateqoriyadan olan sosial ödənişləri almırsa, onlar 190 manatlıq ödəməni alacaqlar. Məsələn, tutaq ki, ər bütün mövcud prosedurdan keçərək işsiz statusu alır. Növbəti araşdırma mərhələsində onun faktiki nikahda olduğu arvadının əmək pensiyası aldığı müəyyən olunacağı halda, həmin şəxsə 190 manat ödənilməyəcək. Çünki 190 manatlıq yardım ən kəskin ehtiyacı olan və ailə üzvünün heç bir mənbədən gəliri olmayan şəxslər üçün iki ay müddətinə nəzərdə tutulub. Bu qayda onların övladlarına və digər ailə üzvlərinə münasibətdə tətbiq edilmir. Ailədə övlad işləyirsə, lakin ər və arvadın heç bir mənbədən gəliri yoxdursa, bu zaman ər və ya arvaddan biri müraciət edərək birdəfəlik yardımı ala biləcək".

Səbuhi TURAN