Özbəkistan Prezidenti Şavkat Mirziyoyev koronavirus pandemiyası şəraitində iqtisadiyyatın, sahibkarların və əhalinin dəstəklənməsi məqsədilə imzaladığı sərəncamı şərh edərək bildirib ki, ölkədə əhalinin xüsusən sosial baxımdan həssas olan kateqoriyalarının dəstəklənməsi üçün bir sıra tədbirlər müəyyənləşdirilib: “Bu ilin sonuna qədər un, bitki yağları, ət və süd məhsulları, şəkər və gigiyena vasitələri kimi əsas istehlak mallarının idxalı üçün gömrük rüsumları və aksiz vergisi tətbiq olunmayacaq”. Prezident qeyd edib ki, uşaqlı ailələrə uşaqlara qulluq üçün və maddi yardım kimi verilən, müddəti mart-iyun aylarında bitən altı aylıq müavinətlərin müddətləri hər hansı müraciət olunmadan və sənəd təqdim edilmədən avtomatik şəkildə bir ilədək uzadılacaq. Bu tədbirlər 120 mindən artıq aztəminatlı ailəni əhatə edəcək. Prezident vurğulayıb ki, tək yaşayan qocalar və əlilliyi olan şəxslər karantin dövründə dövlət tərəfindən 18 növ ərzaq məhsulu və gigiyena vasitələri ilə pulsuz təmin olunacaqlar.