İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə dair ən çox yaranan suallar cavablandırılıb

2020.04.09 19:51 (UTC+04:00)

Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə dair ən çox yaranan sualların cavablarını təqdim edirik.

Aprelin 1-nə qədər işsiz statusu alan vətəndaşın birdəfəlik ödəməni almaq üçün yenidən qeydiyyatdan keçməsinə ehtiyac yoxdur.

İşsiz kimi qeydiyyata alınmaq üçün 3 üsuldan biri təklif olunur: 1. e-sosial.az portalında “e-xidmətlər” bölməsinə daxil olaraq. 2. e-sosial.az portalında “onlayn müraciət” bölməsindən istifadə etməklə. 3. İnternetə çıxış imkanları olmayan işsizlərin Məşğulluq mərkəzlərinə zəng etməsi ilə.

Birdəfəlik ödəməni almaq üçün təsdiq cavabı elektron qeydiyyatdan keçənlərin mobil nömrələrinə SMS vasitəsilə göndəriləcək.

Nazirlik tərəfindən elan olunmuş Qrafik əsasında qeydiyyatdan keçə bilməyənlər birdəfəlik ödəməni almaq hüquqlarını itirmirlər. Həmin şəxslər qrafik üzrə müraciət vaxtı bitdikdən sonra (aprelin 12-dən) hər hansı məhdudiyyət olmadan müraciət edə bilərlər.

Ailədə ər və arvadın hər ikisi, habelə yaşı 15-dən yuxarı övladı da işsizdirsə, birdəfəlik ödəmə ailədə sosial ödəniş almayan ər və ya arvaddan birinə, habelə işsiz olan əmək qabiliyyətli övladına veriləcək.

2020-ci il üçün yaşayış minimumu 190 manat müəyyən edildiyi üçün birdəfəlik ödəmənin məbləği də 190 manat təyin olunub. Pandemiya şəraitində bu vəsait dövlətin sosial dəstəyi olaraq minimum ərzaq ehtiyaclarını qarşılamaq üçündür.

Şəxs özü, arvadı, uşaqları və valideynləri ilə birlikdə yaşayırsa, şəxs öz arvadı ilə birlikdə bir ailə sayıldığı üçün (ər və ya arvaddan birinin) ayrıca müraciət hüququ var. Valideynləri isə digər ailə sayıldığından (ər və ya arvaddan birinin) ayrıca müraciət etmək hüququ var.

15 yaşdan yuxarı əmək qabiliyyətli işsiz şəxs valideynləri ilə birlikdə yaşasa da, həmin şəxsin özü birdəfəlik ödəməni almaq üçün fərdi qaydada müraciət edə bilər. Eyni zamanda, işsiz olan valideynlərin (ər və ya arvaddan birinin) ayrıca müraciət etmək hüququ var.

Mobil nömrəsi öz adına olmayan şəxslər birdəfəlik ödəməni almaq üçün sosial.gov.az saytında “Müraciət bölməsində” müvafiq Məşğulluq Mərkəzinin qeyd olunmuş telefon nömrələrindən birinə zəng edərək qeydiyyatdan keçə bilərlər.

Birdəfəlik ödəməni almaq məqsədilə müraciət etmək üçün qeydiyyat və yaşadığınız ünvanın fərqli olması maneə yaratmır.

Aliment alan işsiz qadının birdəfəlik ödəməni almaq hüququ var.

Ər və ya arvaddan biri xarici ölkə vətəndaşıdırsa, digəri 190 manat birdəfəlik ödəməni ala bilər.