Daşınar əmlakı girov qoyub kredit almaq mümkündür

2020.04.14 10:04 (UTC+04:00)

Mərkəzi Bankın İnformasiya Texnologiyaları Departamentinin reyestr bölməsinin rəhbəri Eynur Məmmədov bildirib ki, istifadəçilər əsasən dövlət reyestrində istehlak malları, mebel, zinət əşyaları və ev heyvanları kateqoriyalarından istifadə edib. Reyestrə avtomobil və qiymətli kağızlar istisna olmaqla bütün daşınar əmlaklar daxil edilə bilər. Bu siyahıya kənd təsərrüfatı texnikası, ev heyvanları, zinət əşyaları, mebel, hətta gələcəkdə yaranacaq daşınar əmlaklar, hüquqlar və öhdəliklər daxildir. Məsələn, sahibkar öz dəzgahını girov qoyaraq kredit əldə etmək üçün bank həmin əmlakı dövlət reyestrində qeydiyyatdan keçirir, müvafiq müqavilə haqqında məlumatları daxil edir. Bundan sonra bank həmin daşınar əmlak üzərində üstünlük hüququna malik olur. Əlavə olaraq, sahibkarın FİN kodu və ya VÖEN-i vasitəsilə reyestrdə axtarış edildikdə daşınar əmlakın yüklülüyü barədə məlumat əldə etmək mümkündür.

Xatırladaq ki, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin 2.3.2-ci tədbirinə uyğun olaraq yaradılıb. Reyestr 2018-ci il martın 15-də istifadəyə verilib. Reyestr sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və daşınar əmlakı girov qoyaraq kredit əldə etmək imkanlarını artırmaq məqsədilə yaradılıb.

Fərqanə ALLAHVERDİQIZI