Tədbirlər Planı əsasında sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur

2020.04.09 16:23 (UTC+04:00)

Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı pandemiyanın milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, sosial istiqamət üzrə üçün geniş tədbirləri əhatə edir. Həmin istiqamətlər üzrə 3 milyard manat vəsait yönəldiləcək.

O cümlədən, Tədbirlər Planı əsasında sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müsahibəsində bildirib.

Nazir sosial rifahın dəstəklənməsi tədbirlərindən biri kimi işsiz şəxslərə birdəfəlik ödəmənin veriləcəyini deyib. Qeyd edib ki, işi və qazancı olmayan əmək qabiliyyətli şəxslər işsiz şəxslərdir. İşsiz şəxslər qeydiyyata alınmaqdan ötrü elektron qaydada müraciət edirlər. Bunun üçün elektron müraciət imkanları yaradılıb. Yəni e-sosial.az portalı vasitəsilə bunu edə bilərlər.

İnternetə çıxışı, elektron qaydada qeydiyyata alınmaq imkanları olmayanlar işsiz kimi qeydiyyata alınmaq üçün olduqları rayon və ya şəhərlərin Məşğulluq Mərkəzlərinə zəng edərək, tələb olunan məlumatları (özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin nömrələri və s.) barədə məlumat verərək də qeydiyyata alına bilərlər.