Ötən aylarda "AzerGold" QSC-nin hasilat və satış əməliyyatları artıqlaması ilə yerinə yetirilib.
Bu fikirləri "AzerGold" QSC-nin mətbuat katibi Ariz Tarverdiyev sorğuya cavab olaraq deyib.
"AzerGold" QSC pandemiya ilə əlaqədar məhdudiyyətlərin qoyulduğu bir dövrdə hasilat və ixrac fəaliyyətini necə tənzimləyir?
- Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, karantin rejimində bəzi dövlət əhəmiyyətli və həyat təminatlı obyektlər, habelə bəzi xüsusi müəssisələr fəaliyyətini fasiləsiz rejimdə davam etdirir. "AzerGold" QSC də bu siyahıda yer alır və hasilat işlərini Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun qaydada aparır.
Hasilata başladığı ildən mənfəətlə çalışan Cəmiyyətimiz fəaliyyətini cari ildə də uğurla davam etdirir. İstər hasilat, istərsə də satış əməliyyatları ötən aylarda plandan daha artıq həyata keçirilib. Bunun nəticəsidir ki, koronavirus pandemiyası ilə əlaqədar ölkələrarası müntəzəm uçuşlara məhdudiyyətlərin qoyulduğu, ixracın həyata keçirilmədiyi dövrdə də hasilatın və digər fəaliyyətlərin tam gücü ilə bir müddət davam etdirilməsi üçün maddi resurslar mövcuddur.
Cəmiyyət tərəfindən ixrac əməliyyatları da həyata keçirilirmi?
- Xeyr. Çünki, Cəmiyyətin hasil etdiyi metalların daşınması xidmətini həyata keçirən ixtisaslaşmış beynəlxalq logistika şirkəti pandemiya səbəbindən müntəzəm uçuşlar dayandırıldığı üçün xidmət göstərə bilmir. Ümid edirik ki, sözügedən şirkət qısa zaman kəsiyində xidmətə başlayacaq. Əks halda, Cəmiyyət alternativ yolla daşınma üçün müraciət edəcək. Bu isə müvafiq çarter reyslərinin təşkil edilməsi deməkdir. Çarter təyyarə reyslərinin təşkil edilməsi indiki halda kifayət qədər böyük vəsait tələb edir və 5-6 dəfə daha artıq izafi xərclər deməkdir.