Ukraynanın Dövlət Vergi Xidmətinin açıqlamasına görə, 2020-ci ilin yanvar-mart aylarında iri vergi ödəyiciləri dövlət büdcəsinə 83,1 milyard qrivna (5,1 milyard manat) vəsait köçürüblər ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 milyard qrivna (117 milyon manat) çoxdur. Vergi administrasiyasının açıqlamasında bildirilib ki, iri vergi ödəyicilərinin ödədikləri vergilər bu ilin ilk rübündə Ukraynadakı ümumi yığımların 54,4 faizini təşkil edir. Keçən illə müqayisədə aksiz vergilərindən gələn büdcə gəlirləri 15,2 faiz, mənfəət vergisindən gələn büdcə gəlirləri isə 13,4 faiz artıb. Rəsmi açıqlamada qeyd edilib ki, mart ayında dövlət büdcəsinin ümumi fond gəlirləri 78,4 milyard qrivna (4,83 milyard manat) olub ki, bu da proqnozun 89,3 faizini təşkil edir. Beləliklə, bu ilin mart ayında Ukraynanın dövlət büdcəsinə planlaşdırıldığından təxminən 11 faiz az vəsait daxil olub. Öz proqnoz tapşırıqlarını ən çox yerinə yetirə bilməyən qurum isə gömrük xidməti olub.