Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı Elşad Məmmədovun sözlərinə görə, neftin bahalaşmasına stimul yaradan əsas amil aprelin 9-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünün keçiriləcəyi ilə bağlı informasiya oldu: "Əgər bu görüşdə hasilatın azaldılması ilə bağlı tərəflər inzibati razılığa gələrsə, bu, qarşıdakı dövrdə qiymətlərin sabitləşməsinə və 40 dollara qədər bahalaşmasına gətirib çıxara bilər. Bu aparıcı neft hasilatçısı olan ölkələrin iqtisadiyyatlarındakı proseslərin müsbət yöndə inkişaf etməsinə də şərait yaradacaq".
Qeyd edək ki, OPEC+ formatında keçiriləcək görüşə Azərbaycan da dəstək verib. Ölkə rəhbərliyi bütün neft ölkələrini qarşıdakı görüşdə vahid mövqedən çıxış edərək, neft bazarına birgə dəstək verməyə çağırıb. Elşad Məmmədov bildirib ki, bu görüş Azərbaycan iqtisadiyyatı üçün də müsbət xəbər kimi qiymətləndirilir. Bir neçə gün əvvəl 16 dollara qədər ucuzlaşan Azərbaycan neftinin qiymətində artım var: "Ölkədə həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan ciddi investisiya və sosial layihələr, büdcənin icrası, eləcə də valyuta bazarındakı sabitlik baxımından, sözsüz ki, neft qiymətlərinin sabitləşməsi və artan xətt üzrə inkişaf etməsi milli iqtisadiyyatımız üçün olduqca zəruruidir".
Qeyd edək ki, bu il Azərbaycanın dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 55 dollardan hesablanıb.
Səbuhi TURAN