AYİB ilə Azərbaycanın əməkdaşlıq imkanları müzakirə edilib

2020.04.03 23:35 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz üzrə idarəedici direktoru Matteo Patrone, qurumun Qafqaz üzrə regional direktoru Katarina Bjorlin Hansen və Bankın Azərbaycan üzrə rəhbəri İvana Duarte ilə telefon danışıqları aparıb. Müzakirələr koronavirus (COVID-19) epidemiyasının təsirləri ilə mübarizə istiqamətində Azərbaycan hökumətinin və Bankın səylərinin birləşdirilməsinə həsr olunub.

Qeyd edilib ki, AYİB, Azərbaycandakı müştərilər də daxil olmaqla, 38 ölkəni əhatə edən tərəfdaş ölkələr üçün 1 milyard avro dəyərində təcili "həmrəylik paketi" təqdim edib. Bu baxımdan, Bank Azərbaycanla əməkdaşlığı intensivləşdirmək niyyətindədir.

M.Cabbarov koronavirus pandemiyasının, habelə dünya enerji və fond bazarlarında yaranmış vəziyyətin Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə təsirini azaltmaq məqsədilə ölkə Prezidenti tərəfindən martın 19-da Sərəncam imzalandığını diqqətə çatdırıb. Bildirilib ki, Sərəncama əsasən, koronavirus pandemiyasının mənfi təsirlərinin azaldılması tədbirlərinin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə dövlət büdcəsindən 1 milyard manat ayrılıb. İqtisadiyyat naziri Azərbaycanın mövcud çağırışları qarşılamaq üçün kifayət qədər resurslara malik olduğunu, eyni zamanda AYİB-in təklif etdiyi dəstək tədbirlərinin də dəyərləndirildiyini diqqətə çatdırıb.

AYİB-in Şərqi Avropa və Qafqaz üzrə idarəedici direktoru Matteo Patrone Azərbaycan hökuməti ilə mövcud sıx əməkdaşlığı yüksək qiymətləndirib və bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləməyə, bu məqsədlə səyləri artırmağa hazır olduqlarını vurğulayıb. Qeyd edib ki, AYİB təcili dəstək proqramı çərçivəsində Bank müştərilərinə likvidlik, dövriyyə kapitalı və ticarətin maliyyələşdirilməsi kimi tədbirlərlə dəstək verməyə hazırdır.

Məlumat üçün bildirək ki, AYİB bu günə qədər Azərbaycana 173 layihə üzrə 3,5 milyard avro məbləğində maliyyə vəsaiti ayırıb. Bundan başqa, AYİB kiçik və orta biznesə məsləhət xidmətləri, 1000-dən çox şirkətə isə dəstək göstərir.