Rusiya Kiprə vergi sazişlərinə yenidən baxmağı təklif edib

2020.04.07 14:34 (UTC+04:00)

Kipr adasının Yunanıstan hissəsi Rusiyanın ofşor hesablara aid dividendlərə tətbiq etməyi planlaşdırdığı yeni vergi nəticəsində ikiqat vergitutmaya yol verməmək üçün sazişə yenidən baxmağı təklif etdiyi ilk ölkə olub.

Rusiya Prezidenti Vladimir Putinin hökumət üzvləri ilə görüşünün stenoramı Kreml saytında yerləşdirilib. Həmin görüşdə Baş nazir Mixail Mişustin bildirib ki, dividendlərin vergiyə cəlb edilməsi ilə bağlı tapşırığın icrasını Kiprdən başlamışıq. Aprel ayının 24-dək aidiyyəti qurumlar atılacaq növbəti addımlar barədə razılaşdırılmış təklifləri təqdim etməlidirlər.

Qeyd edək ki, ofşor zonalara köçürülmüş dividendlərin 15 faiz dərəcəsi ilə vergiyə cəlb edilməsi ideyasını Prezident V.Putin irəli sürüb. Onun ölkə vətəndaşlarına müraciətində bildirilirdi ki, belə bir addımın atılması üçün ikiqat vergitutmanın qarşısının alınması məqsədilə digər ölkələrlə imzalanmış sazişlərdə düzəliş aparmağa ehtiyac var. Əgər xarici ölkələr bu təklifi qəbul etməsələr, Rusiya sazişləri birtərəfli qaydada pozacaq. Yeni vergini varlı rusiyalıları ofşorlardan qaytarmaq cəhdi kimi qiymətləndirən "Forbes" ekspertlərinin rəyinə görə, Putinin bu təşəbbüsü biznesin ofşorsuzlaşdırılması istiqamətində növbəti cəhdidir. Ofşor zonalarda yerləşən əsas şirkətlərə köçürülən vəsaitlərə əlavə verginin qoyulması səhmdarların gəlirlərini azaldacaq və onları "vətənə qayıtmağa" məcbur edəcək.