Bu il yanvarın 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1270,6 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 12,8 faizini təşkil edir.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onların 58,4 faizi yaşa, 30,2 faizi əlilliyə, 11,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,1 faiz artaraq 263,6 manat təşkil edib və orta aylıq əməkhaqqının 41,5 faizinə bərabər olub.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliklərə əsasən əmək pensiyasının minimum məbləği ötən il martın 1-dən 160 manat, ötən il oktyabrın 1-dən isə 200 manat müəyyən olunub. Bu da müəyyən edilmiş minimum aylıq əməkhaqqının 80 faizini təşkil edir.