"Azexport.az" portalına 102,9 milyon dollarlıq ixrac sifarişi daxil olub

2020.04.02 11:57 (UTC+04:00)

Cari ilin yanvar-fevral aylarında "Azexport.az" portalına 102,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın mart sayında bildirilir ki, fevralda isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 60,8 milyon dollar təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 12,8 faiz artıb.

Bu ilin fevralında "Azexport.az" portalına ən çox ixrac sifarişi pambıq, toyuq yumurtası, sarımsaq, kartof, tütün, toyuq əti, şərab, qənnadı məhsulu, çay, nar konsentratı və şərabı, mebel dəsti, tikinti materialı, fındıq ləpəsi, kosmetik vasitə, alma, soğan, boya, göbələk və sair mallara daxil olub.

2017-ci ilin yanvarından bu il fevralın 29-na kimi (38 ay ərzində) "Azexport.az" portalına 141 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 687,7 milyon dollar təşkil edib.