Əhalinin ərzaqla təminatında problem yoxdur

2020.04.01 16:48 (UTC+04:00)

Ölkədə gücləndirilmiş karantin rejiminin tətbiq edilməsinə baxmayaraq həyati əhəmiyyət kəsb edən obyektlər, o cümlədən supermarketlər fəaliyyətini əvvəlki qaydada davam etdirir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Şahin Nağıyevin sözlərinə görə, əhalinin ərzaq məhsulları ilə təminatında heç bir problem yoxdur: "İqtisadiyyat Nazirliyi tərəfindən ticarət obyektlərində mütəmadi olaraq monitorinqlər aparılır və müşahidələr onu deməyə əsas verir ki, xüsusilə ərzaq malları ilə bağlı həm satışda, həm də anbarlarda bolluq var. Satışda kifayət qədər məhsul var və hər hansı məhdudiyyət müəyyən edilməyib. Ticarət obyektlərinin mal təhcizatında da problem yoxdur. Müxtəlif istehsalçı və idxalçılar tərəfindən ticarət obyektləri vaxtlı-vaxtında mallarla, o cümlədən ərzaq məhsulları ilə təmin olunur. Bu istiqamətdə aparılan işlərdə, yəni ərzaq məhsulları ilə təchizat zəncirində hər hansı bir problemdən söhbət gedə bilməz. İstehlakçılar ticarət obyektinə daxil olub istədikləri malı ala bilirlər. Bundan sonra da aparılan monitorinqlər davam etdiriləcəkdir".

Səbuhi TURAN