G20 qrupuna daxil olan ölkələrin Ticarət nazirləri koronavirus pandemiyasının qlobal ticarətə və sərmayələrə təsirini videokonfrans vasitəsilə müzakirə ediblər.
Səudiyyə Ərəbistanının sədrlik etdiyi videokonfransda G20 qrupu çərçivəsində iki həftə ərzində yoxsul ölkələrə maliyyə yardımının göstərilməsinə dair Fəaliyyət Planı müzakirə olunub.
Səudiyyə Ərəbistanının Ticarət naziri Məcid bin Abdulla Əl Qəsabi 2008-ci ilin maliyyə böhranından daha ağır olan indiki iqtisadi vəziyyət barədə təhlilləri təqdim edib. O vurğulayıb ki, pandemiyanın iqtisadiyyata mənfi təsirini azaltmaq və humanitar fəlakətin qarşısını almaq üçün qrupa daxil olan ölkələrin liderləri səviyyəsində qlobal ticarət və sərmayələr üzrə əlaqələndirməyə, həmçinin sıx əməkdaşlığa ehtiyac duyulur.
Videokonfransda G20 ölkələrinin Maliyyə nazirləri, mərkəzi banklarının rəhbərləri Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının inkişaf etməkdə olan ölkələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində görə biləcəyi tədbirləri müzakirə ediblər. Eyni zamanda, Böyük İyirmilik ölkələrinin 2008-ci ildəki maliyyə böhranından sonra yaradılmış Maliyyə Sabitliyi Şurası ilə birlikdə hərəkət etməsinin zəruriliyi vurğulanıb.