Meksikanın ABŞ-la qonşu ərazilərində vergilər azaldılıb

2019.01.30 17:26 (UTC+04:00)

Prezident Andres Manuel Lopes Obradorun imzaladığı sərəncama əsasən, Meksika ilə ABŞ sərhədi boyunca yerləşən 43 bələdiyyədə müvafiq şirkətlər ödədikləri korporativ verginin effektiv dərəcəsini bu verginin üçdə birinə bərabər olan vergi krediti tələb etməklə, 30 faizdən 20 faizə endirə bilər.

Korporativ vergi kreditini ala bilmək üçün şirkətlər rezidentliklə bağlı müəyyən tələblərə cavab verməli və öz gəlirlərinin 90 faizini regiondakı mənbələrdən əldə etməlidirlər. Bir sıra vergi ödəyiciləri, o cümlədən qeyri-material aktivlərdən gəlir götürənlər güzəşt siyahısından çıxarılıb. Bundan əlavə, dövlət başçısının sərəncamında xidmət sahəsində fəaliyyət göstərən, müəyyən malları satan və regionda daşınmaz əmlakı icarəyə verən vergi ödəyiciləri üçün əlavə dəyər vergisində də 50 faizlik güzəşt tətbiq edilib - əvvəllər həmin vergi ödəyiciləri ƏDV-ni 16 faizlə ödədikləri halda, indi 8 faizlə ödəyirlər.

Meksikanın vergi qanunvericiliyindəki bu düzəliş bu ilin yanvar ayının 1-dən qüvvəyə minib.