Aİ ilə Vyetnam arasında ticarət sazişi qüvvəyə minmək ərəfəsindədir

2020.04.01 13:59 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Şurası Vyetnam ilə imzalanan sərbəst ticarət sazişinin təsdiq edildiyini bildirib. Müzakirələri 2012-ci ildə başlayan və keçən il təsdiq edilmiş bu sərbəst ticarət sazişi ilə gömrük vergilərinin 99 faizi məhsulların kateqoriyalarına görə 10 ilə qədər müddət ərzində mərhələlər üzrə ləğv ediləcək. Qarşılıqlı şəkildə qəbul edilmiş şərtlərə əsasən, Vyetnamda insan hüquqlarının pozulacağı təqdirdə saziş qüvvədən düşəcək.

Sazişin qüvvəyə minməsi üçün Vyetnam tərəfindən də rəsmən təsdiq edilməsi tələb olunur. Aİ ilə əhalisinin sayı təxminən 95 milyona çatan Vyetnam arasında hər il 50 milyard avro dəyərində mal və 4 milyard avro dəyərində xidmət ticarəti həyata keçirilir.

Vyetnam Aİ ölkələrinə rabitə cihazları, geyim və qida məhsulları ixrac edir və Aİ-dən texnika, nəqliyyat, kimya və kənd təsərrüfatı məhsulları alır.