Belçikada koronavirusa görə işini itirənlərin işsizlik maaşı artırılıb

2020.03.31 18:43 (UTC+04:00)

Belçikanın baş naziri xanım Sofi Vilmes Nazirlər Kabinetinin koronavirusun yayılmasına qarşı tədbirlərə həsr olunmuş iclasından sonra açıqlama verərək hökumətin "vətəndaşların sağlamlığı və işlərini qorumaq üçün hər şeyi edəcəyini" bildirib.

O, böhranın sosial və iqtisadi təsirlərini azaltmaq üçün müxtəlif tədbirlərin görüləcəyini, istehlakçıların satınalma gücünü qoruyacaqlarını, müəssisələrə və sərbəst fəaliyyət göstərənlərə yardım edəcəklərini vurğulayıb. Baş nazirin sözlərinə görə, müəyyənləşdirilmiş tədbirlər çərçivəsində Belçikada koronavirusa görə işsiz qalanların maaşlarına hər ay 150 avro əlavə olunacaq. Vətəndaşların vergi ödəmələrinin müddəti iki ay uzadılacaq. Böhranın təsirinə məruz qalan sərbəst çalışanlar ilin ilk yarısında sosial müdafiə məqsədilə aldıqları borcları dekabr ayına qədər ödəyə biləcəklər.