Millət vəkili kreditlərə güzəştin verilməsini təklif edib

2020.04.01 11:20 (UTC+04:00)

Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda 16 məsələ müzakirə edilib. Bu barədə millət vəkili Vüqar Bayramov "vergiler.az"a açıqlama verib. Bildirib ki, "Daşınar əmlakın yüklülüyü" haqqında Qanuna dəyişikliklərlə bağlı plenar iclasda çıxış edərək bir sıra məsələlərə, o cümlədən kreditlərə çıxış imkanlarının genişləndirilməsi və növbəti 3 ay müddətində kreditlərə güzəştin verilməsini təklif edib: "Koronavirus pandemiyası vətəndaşlarımızın gəlirlərinə birbaşa təsir göstərir. Sahibkarlar və vətəndaşlar üçün 3 ay müddətində kredit ödənilməsində güzəştlər müəyyən edilməsi və yubanmalara görə faiz və cərimələr hesablanmamasını təklif etdim. Eyni zamanda, bankların likvidliyinin qorunub saxlanılması üçün də Mərkəzi Bankın banklara aşağı faizli, mərkəzləşdirilmiş kreditlər təklif etməsi zəruridir. Kreditlərə 3 aylıq güzəştin tətbiq edilməsi indiki halda bank müştəriləri olan vətəndaşlarımıza xüsusi dəstək olardı".

Millət vəkilinin sözlərinə görə, ölkə üzrə 15,1 milyard manatlıq kredit portfelinin 12,1 milyard manatı Bakının payına düşür. Bu o deməkdir ki, kommersiya bankları kreditlərinin cəmi 20 faizini Bakıdan kənar təklif edirlər. Deməli, hər 100 manat kreditin cəmi 20 manatı rayonlara verilir. Bunun əsas səbəblərindən biri də bankların rayonda fəaliyyət göstərən sahibkarlardan girov kimi paytaxtda əmlak tələb etməsidir. Rayon sahibkarlarının çoxunun belə girovlar təklif etmək imkanlarının olmadığını deyən V.Bayramov bu baxımdan, daşınar və daşınmaz əmlaklar üzrə də girov mexanizminin təkmilləşdirilməsini təklif edib.