KOBİA əl dezinfeksiyaedici vasitə istehsalına dəstək göstərib

2020.03.29 13:45 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) əl dezinfeksiyaedici vasitə istehsalına dəstək göstərib. KOBİA-dan bildirilib ki, yerli "Laric Chemical" şirkəti tərəfindən istehsal olunan əl dezinfeksiyaedici vasitə hazırda istehlakçılara, idarə və müəssisələrə 1 və 5 litrlik qablarda təqdim olunur. Müəssisə tərəfindən məhsulun 400 və 500 millilitr qablarda da qablaşdırılması istiqamətində iş aparılır.

Qeyd edək ki, "Laric Chemical" şirkəti 2017-ci ildən yuyucu və təmizləyici məhsulların istehsalı ilə məşğul olur. KOBİA koronavirus pandemiyası ilə bağlı əhalinin tibbi spirtə, əl dezinfeksiyaedici vasitələrə olan tələbatının ödənilməsi üçün sahibkarlıq subyektlərinin bu istiqamətdə təşəbbüslərini dəstəkləyir və səlahiyyətləri çərçivəsində belə məhsullar istehsal etmək istəyən sahibkarlara dəstək göstərir.